"Zirə” futbol komandasının baş məşqçisi Ayxan Abbasovun Sportnet.az-a müsahibəsi
- Türkiyənin Antalya bölgəsindəki hazırlıq bitmək üzrədir. Qış toplanışını necə dəyərləndirirsiz?
- Təlim-məşq toplanışı mövsümün qalan hissəsi üçün çox böyük əhəmiyyət daşıyır. Bu günlərdə qarşıdakı aylar üçün təməl qoyuruq. İstirahətdən qayıdan futbolçular formasını bərpa etmə, formaya düşmə mərhələsini burada keçirlər. Ona görə çox diqqətli davranırıq. Yaya qədər yetəcək gücümüzü yığmalıyıq. Sevindirici haldır ki, işlər pis getmir. Futbolçular istədiyimizi yavaş-yavaş başa düşürlər. Düzdür, hələ tam hazır deyilik. Son yoldaşlıq görüşümüzü oynayandan sonra hələ bir həftə də əlavə vaxtımız olacaq. Çalışacağıq ki, tam hazır olaq. Ancaq yəqin ki, Premyer-Liqanın ilk 2-3 turu bizim üçün çətin keçəcək. Digər tərəfdən, nə olursa-olsun, bu oyunlarda maksimum nəticə qazanmaq da lazımdır. Ümumi götürsək, təlim-məşq toplanışından razıyam. Futbolçularımız həvəslə məşq edirlər. Görürük ki, yorğunluq var. Bu, təbiidir. Üstəlik, evdən uzaqda olurlar. Bununla yanaşı, gündə iki məşq, sıx qrafiklə yoxlama oyunları... Bilirik çətindir, ancaq bu, olmalıdır. Ümumi götürəndə, həm istədiyimiz məşqləri edə, həm də istədiyimiz oyunları keçirə bildik.
- İlk 3 turun çətin keçəcəyini dediniz. Nəzərə alsaq ki, rəqibləriniz də burada – Antalyadadırlar, eyni hazırlığı keçirlər, nəyə görə məhz sizə çətin olacağını düşünürsünüz?
- Rəqiblərimizə görə bu fikri bildirdim. Fasilədən sonra ilk üç turda "Sumqayıt”, "Qəbələ” və "Neftçi” ilə oynayırıq. Üçü də çətin rəqibdir. Bunlardan ikisi turnir cədvəlində bizə, birinə isə biz çatmağa çalışırıq. Həm də adəti üzrə toplanışdan sonrakı oyunlar çətin olur. Ancaq biz buna hazırıq.
- Baxışa iki afrikalı futbolçu dəvət etdiniz və ikisini də bəyənməyib geri göndərdiniz. Belə başa düşdük ki, axtardığınız oyunçunu tapa bilməmisiniz. Bu, sizin işinizə mane olacaqmı?
- Adətən, baxışa tək-tük hallarda futbolçu dəvət edirik. Sadəcə, bu dəfə menecerlər çox təriflədilər. Canlı izlədik, gördük ki, biz istədiyimiz tipdə deyillər. Ancaq bu yöndə işimiz davam edir. Çalışacağıq ki, çempionat başlayana qədər transfer edək. Olmasa belə, əlimizin altında yetərincə futbolçu var.
- Qış fasiləsi dövründə komandaya qoşulan futbolçuları hamımız tanıyırıq. Onlar "Zirə”yə hansı keyfiyyətlərinə görə yararlı ola bilərlər?
- Tellur Mütəllimov bizdə əvvələr də oynayıb, yaxşı mövsüm keçirmişdi. İndi də bizimlədir. Düzdü, son 6 ayda çox oynamayıb, formaya düşməsi üçün vaxt lazımdır. Amma məşqlərdə, oyunlarda, oyundan-oyuna görürük ki, artım var. Mirsahib Abbasovun da potensialı var, bəyəndiyimiz futbolçulardandır. Ancaq o da hələ biz istəyən durumda deyil. Özü ilə də söhbət etmişəm, lazımi duruma gəlməsi üçün çox çalışmalıdır. Elşən Abdullayevi də tanıyırsınız. Universal futbolçudur, eləsinə ehtiyacımız var. Belə baxanda, üçündən də razıyam: istəkləri, əzmləri, uyğunlaşmaları yaxşıdır. Amma yenə də bir qədər zamana ehtiyac var.
- "Zirə” yeni təsis olunsa da, daim yüksək səviyyədə olub, iki dəfə avrokuboklara vəsiqə qazanıb. Bəzən deyirlər ki, müəyyən bir nailiyyət üçün zaman lazımdır. İndi də Avropa Liqasına vəsiqəyə iddialısınız. Oynanılan futbol da həm baxımlıdır, həm də nəticə verir. Bu sintezə nadir hallarda rast gəlinir. "Zirə”nin sirri nədədir?
- Qısa zamanda bunu etmək həqiqətən də çətindir. Şərait baxımından ölkədə bizdən daha üstün olanlar var, ancaq bu nəticəni əldə edə bilmirlər. Əvvəla, klubun idarəetməsi çox yaxşıdır. Seleksiyaya çox diqqətliyik, oyunçu seçimində tələsmirik. Bu günə qədər etdiyimiz transferlərimizdən istədiyimizin bəlkə də 80 faizini ala bilmişik. Legionerlərimizə mütəmadi təkliflərin gəlməsi işimizin düzgün qurulmasına işarədir. Mehriban kollektivimiz var. Hər kəs vəzifəsindən asılı olmayaraq işini artıqlaması ilə yerinə yetirməyə çalışır. Ən əsası odur ki, tələsmir, işimizi səbrlə görürük. Qarşımıza məqsəd qoymuşuq ki, pillə-pillə inkişaf edəcəyik. Bu gün böyük işlər haqda düşünmürük. Hazırkı əsas məqsədimiz yenidən Avropa Liqasına vəsiqə əldə etməkdir. O təcrübəni yenidən qazanmaq istəyirik. Sirrimiz budur, başqa heç nə yoxdur (gülür).
- Özünüzlə bağlı soruşaq. Sizin timsalınızda gənc məşqçilərin yetişməsinə sevinirik. Qısa zamanda etimadı doğrultmaqdasınız. Məşqçi olmağa nə vaxt qərar verdiyinizi xatırlayırsızmı?
- Desəm ki, məşqçi olmaq haqda fikirləşirdim, yalan olar. "Qarabağ”dan sonra bir mövsüm "Turan”da oynadım. Çətin olsa da, komandanı elitada saxladıq. Zədələr də çox oldu və futbolçu karyeramı bitirmək qərarına gəldim. Altı ilimi "Qarabağ”da keçirmişəm. Qurban Qurbanov və köməkçisi Elçin Rəhmanov zəng etdilər ki, bəs məşqçiliyə başlamaq fikrin varmı? Bir müddət söhbətlər etdik. Qurban müəllim dedi ki, mən də sənin kimi gənc yaşlarında başlamışam, narahat olma. Beləlikcə, məndə yavaş-yavaş maraq oyandı. C və B kateqoriyalarını oxudum, sonra "Qarabağ”ın U-16 komandasında məşqçiliyə başlamağımı məsləhət gördülər. Çətin peşədir. Futbolçuluqla məşqçilik tam ayrı sahələrdir. Ancaq sevinirəm ki, bu işə başlamışam. İşimi doğrudan da çox sevirəm. Futbol fəlsəfəmə gəlincə, ola bilər "Qarabağ”da oynamağım, orda çalışmağım müəyyən təsirini göstərib. Ancaq tam da o xətlə getmirəm. Hər məşqçinin öz baxışı var, mənim də həmçinin. Komandada olan futbolçulara uyğun nəsə fikirləşirik. Böyük məşqçilər var ki, onları oxuyur, kurslarına qatılırıq. Azərbaycanda da işlədiyim Qurban Qurbanov, Naci Şensoy, həmçinin digər yerli həmkarlarımın təcrübəsindən yararlanıram. Belə bir komplektləşdirmə etmişik (gülür).
- Müsahib kimi sakitsiniz, kənardan da aqressiv görünmürsünüz. Ancaq bəzən futbolçuları döyüşə, mübarizəyə motivasiya etmək lazım gəlir. Bunu necə edirsiniz: hirslənib səsinizi yüksəldirsiniz, yoxsa sakit tərzdə buna nail olursunuz?
- Deməzdim ki, konkret tərzim var. Futbolçuları kökləmək üçün müxtəlif metodlara əl atıram. Bəzən aqressiv, bəzən sakit davranmaq lazımdır. Bunun ortasını, balansını tapmaq ən yaxşısıdır. Oyun vaxtı da çılğın olmuşam, özüm oynamış kimi hiss edib, ona uyğun davranmışam. Sakit qalmaq çətindir. Yəqin ki, özümü tam cilovlamağı öyrənməyim üçün vaxt lazımdır. Oyundan-oyuna fərqli kökləmə işlərini edirəm. Bəzən fasilədə hiss etmişəm ki, əlavə nəsə deməyə ehtiyac yoxdur, əksinə, komandanı sakitləşdirmək lazımdır. Ya da "ayıltmaq” lazım olur bəzən. Gedişata uyğun davranıram.
- Dil əngəlini kənara qoysaq, yerlilərlə çalışmaq çətindir, ya legionerlərlə?
- Legionerlərlə daha çətindir. Çünki bura gələnlərlərin hər birinin ayrı mentaliteti, adət-ənənəsi var. Legionerləri nə çox sıxmaq, nə də "buraxmaq” olur. Bunun özü də başq bir iş, bacarıqdır. Bəzi legionerlər var ki, çox sıxanda sanki küsürlər. Baxmayın, insandır, evindən çox uzaqdadır, qəribdir, narahatdır. Bir o birisini isə boş "buraxanda”, cızıqdan kənara çıxır. Bütün bunlar gəlib futbolçunun xarakterinə dirənir. O xarakterə də bələd olmaq, fərdi yanaşma etmək lazımdır. Hamıya eyni yanaşa bilmirəm. Çünki elə futbolçular var ki, onların üstünə gedəndə oyunlarını da itirirlər. Oyunçular haqda əvvəldən geniş məlumat toplayır, transfer etməzdən əvvəl öyrənirik, gəldiyindən sonrakı bir-iki ay ərzində tanımağa çalışırıq. Sevindiricidir ki, indi hər şey qaydasındadır. Komandada legioner-yerli söhbəti yoxdur. Komandanın "ağsaqqal” futbolçuları da kömək edib, ab-havanı düzəltmişik. Bu yaxınlarda məşqçilik kursunda idik. Orada yaxşı bir söz dedilər, xoşuma gəldi: "Uğur qazanmaq istəyirsənsə, paltardəyişmə otağını düzəlt. Ora sənin ailən kimidir”. Doğru ifadədir. Orada ailə kimi olmasanız, qarşılıqlı hörmət, intizam, qayda-qanun olmasa, uğur olmayacaq. Biz də bunu düzəltməyə çalışmışıq.
- Futbolçularla qardaş, yoxsa ata kimi olmağa üstünlük verirsiniz? Arada məsafə saxlayırsızmı?
- Məsafə mütləqdir. Ancaq futbolçuların həmişə yanında, arxasındayam. Belə toplanışlar zamanı onların otaqlarında az oluram, ancaq köməkçilərim ünsiyyətdədirlər. Bəziləri ilə qardaş, bəziləri ilə dost kimiyiksə, meydanda məşqçiyik. Kənarda başqa, oyunda başqa. Elə olub ki, görürük futbolçudan istədiyimizi ala bilmirik, kefi yoxdur. Maraqlanmışıq, şəxsi problemi oldugunu bilmişik, kömək etmişik. Bu, vacibdir. Futbolçu, ya klubun hər hansı başqa əməkdaşı işinə tam köklənməsə, ondan lazım olan effekti ala bilməyəcəyik. Bu da bir işdir. Məşqçi kimi məşq tarşırığı vermək ən asanıdır (gülür).
- "Zirə”ni mövsümün sonunda hansı pillə qane edəcək?
- Konkret pillə deməyim. Ardıcıl ikinci il avrokuboklara vəsiqə qazansaq, çox yaxşı olar. Bizi bu şansı verəcək istənilən pillə qane edəcək.