Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun açılış matçı Gəncədə "Kəpəz” və "Qəbələ” komandaları arasında olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 66-cı dəqiqədə Filip Ozobiç imza atıb.
Bu qələbədən sonra xalını 38-ə çatdıran "Qəbələ” ikinci sıradakı yerini qoruyub. "Kəpəz” isə 10 xalla sonuncu – 8-ci pillədədir.
Günün digər qarşılaşmasında "Neftçi" "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Flaqman oyunboyu iki dəfə irəli çıxsa da, qonaqlar bərabərlik qolunu vurmağa müvəffəq olublar. Lakin 90-cı dəqiqədə kapitan Ruslan Abışov yekun nöqtəni qoyaraq, "Neftçi"yə vacib qələbə qazandırıb.
Bununla da xallarını 26-ya çatdıran "ağ-qaralar" 4-cü pillədə qalıblar. "Keşlə" isə 15 xalla 7-cidir.
Qeyd edək ki, tura martın 10-da isə "Səbail” – "Sumqayıt” və "Qarabağ” – "Zirə” görüşləri ilə yekun vurulacaq.
-------------
Bu gün keçiriləcək 2 oyunla Topaz Premyer Liqasında XIX tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, turun açılış oyunu Gəncə şəhər stadionunda olacaq. Autsayder "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Yunis Hüseynov "sarı-göylər"in baş məşqçisi kimi ilk qələbəsini ötən tur elə doğma meydanda debütant "Səbail" üzərində qazanıb - 2:1. "Qəbələ" isə son 2 oyunda elə bu hesabla uduzub. Əvvəlcə səfərdə "Səbail"ə yenilən "qırmızı-qaralar" ardından evdə "Neftçi"yə məğlub olublar.
İndiyədək "Kəpəz" və "Qəbələ" komandaları Premyer Liqada 18 dəfə üz-üzə gəliblər. Bunların 6-da "sarı-göylər". 7-də isə "qırmızı-qaralar" qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbəti 21:17 "Qəbələ"nin xeyrinədir. Roman Qriqorçukun baş məşqçi olduğu komanda son 4 qarşılaşmada yalnız 1 qələbə qazanıb. "Kəpəz" isə son 5 oyunda meydanı qolsuz tərk etməyib. Hazırda "sarı-göylər" 10 xalla 8-ci, "qırmızı-qaralar" 35 xalla 2-ci pillədə qərarlaşıblar.
Günün digər oyununda "Neftçi" və "Keşlə" klubları "Bakcell Arena"da üz-üzə gələcək. Əslində bu görüş "İnter Arena"da təşkil olunmalı idi. Lakin həmin stadionda dövlət tədbiri keçiriləcəyindən, ev sahibi komandanın müraciəti və flaqmanın razılıq məktubu əsasında matçın yeri dəyişdirilib. Nəticədə ev sahibi qismində "ağ-qaralar" çıxış etməli olacaq.
Hər iki komanda ötən tur səfərdə qələbə qazanıb. "Neftçi" "Qəbələ"ni 2:1 hesabı ilə yenibsə, "Keşlə" "Zirə"dən eyni hesabla üstün olub. İndiyədək "Neftçi" və "Keşlə" 53 dəfə üz-üzə gəlib. Bunların 26-da flaqman, 13-də keçmiş "bankirlər" qələbə qazanıb. Daha 14 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbəti isə 80:54 "Neftçi"nin xeyrinədir. "Keşlə" son 5 matçda qələbə qazanmayıbsa, "ağ-qaralar" 9 oyundur meydanı qolsuz tərk etmirlər. Hazırda "Neftçi" 23 xalla 5-ci, "Keşlə" 15 xalla 7-ci yerdə gedir.
Topaz Premyer Liqası, XIX tur
9 mart (cümə)
15:00. "Kəpəz” – "Qəbələ” - 0:1
Qol: Filip Ozobiç, 66
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00. "Neftçi” – "Keşlə” - 3:2
Qol: Namiq Ələsgərov, 14. İqnasio Errera, 48. Ruslan Abışov, 90 - Adrian Skarlatake, 16. Pərdis Fərcad-Azad, 57
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
"Bakcell Arena”.