"Səbail"in baş məşqçisi Samir Əliyev "Zirə"yə 1:3 hesabı ilə uduzduqları yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
- Bugünkü oyunda çempionatda az çıxış edənlərə şans verdik ki, özlərini göstərsinlər. Həm praktika qazansınlar, həm də səviyyələrinə baxaq. Əvəzedici heyətdən də bir neçə futbolçu dəvət etmişdik. Çünki əsas heyətin bir neçə futbolçusu bizimlə deyildi. Yevgeni Koçuk Moldova, Ayron Stati Kurasao, Rahil Məmmədov Azərbaycan millilərinin düşərgəsindədir. Bundan başqa Fəhmin Muradbəyli Azərbaycanın, Tomazi Tsetsxaladze isə Gürcüstanın U-21 yığmalarındadır. Onların yoxluğunda məşqlərdə müəyyən qədər əziyyət çəkirdik. Onlar qayıtdıqdan sonra tam heyətlə çalışacağıq. Bütün fikrimiz "Neftçi" ilə keçirəcəyimiz Topaz Premyer Liqasının XXI tur matçına yönəlib.
- Şans verdiyiniz yeni futbolçular özlərini göstərə bildilər?
- Bir sıra amillər, o cümlədən, meydanın durumu oyunumuzu təsirini göstərdi. Hər halda bəzi futbolçularla bağlı qeydlərimizi etdik.
- Bəs "qara siyahı"ya düşən oyunçunuz var?
- Hələ o haqda danışmaq üçün tezdir. Qarşıda 8 tur var. Çox güman ki, yayda komandada dəyişikliklər olacaq. Köklü olmasa da, müəyyən dəyişikliklər deyərdim.
- Bu, həm də Samir Əliyevin gələn mövsüm də "Səbail"in sükanı arxasında qalacağı anlamını vermir?
- Görək də... Qismət olsa.
- Qalan 8 turdan nə gözləyirsiniz?
- Ola bilər ki, 8 turun heç birindən qalib ayrılmayaq və rəhbərliyin də fikri dəyişsin, yeni baş məşqçi gətirsinlər. Bəlkə birdən-birə hədəflər dəyişəcək, "Səbail" çempionluğa oynayacaq? Bu zaman daha səviyyəli baş məşqçi gətirmək lazım gələcək.
- Fəhmin Muradbəylinin Kosovoya qarşı oyunundan nə dərəcədə razı qaldınız?
- "Səbail"lə milli komanda fərqli taktiki sxemlərlə çıxış edir. Amma hər halda Fəhmin hərəkətliliyi, mübarizəsi, məncə, normal idi. Birmənalı qiymət vermək mümkün deyil.
Təbriz QULİYEV