Topaz Premyer Liqasının XXVIII turunda Avropa Liqasına vəsiqə qazanmaq baxımından "Zirə” ilə həlledici oyuna çıxacaq "Sumqayıt” ciddi problemlə üzləşib.
Sportnet.az xəbər verir ki, baş məşqçi Samir Abasov bir çox aparıcı futbolçunu oyuna kökləməkdə çətinlik çəkir. Buna səbəb həmin oyunçuların cari mövsümün yekununda "Sumqayıt”dan ayrılacaqlarını qətiləşdirmələri və "çamadan” əhval-ruhiyyəsində olmalarıdır.
Bu siyahıya Sumqayıt təmsilçisi ilə müqavilələrinin müddəti mayın 30-da bitəcək Bəhlul Mustafazadə, Cavid İmamverdiyev, Rəşad Eyubov və Tural Axundov başçılıq edir. Millinin baş məşqçisi Qurban Qurbanov çox bəyəndiyi mərkəz müdafiəçisi olan 21 yaşlı Mustafazadəni "Qarabağ”da görmək istəyir. Digər "üçlük” isə "Neftçi”nin prezidenti Kamran Quliyevin radarındadır. O, "Sumqayıt”a rəhbərlik etdiyi vaxtdan yaxşı tanıdığı İmamverdiyevlə Eyubovun keçidini artıq böyük ölçüdə həll edib. Onların cərgəsinə Axundovun da qoşulaşacağı gözlənilir.
"Sumqayıt”la sözləşmələrinin müddəti bitəcək Amil Yunanov və Bəxtiyar Həsənalızadə daha yaxşı təklif gözləyir. Onlar müştəri çıxmayacağı təqdirdə komandada qalacaqlar.
Elnur Abdullayev və Cavid Tağıyevin səviyyəsi isə baş məşqçini qane etmir. Hər iki yarımmüdafiəçi mövsümün yekununda yola salınacaq.
İcarə əsasında "Sumqayıt”ın formasını geyinən Ehtiram Şahverdiyevlə Ülvi İsgəndərov isə müqavilə ilə məxsus olduqları "Qəbələ”yə dönəcəklər.
Qeyd edək ki, "Sumqayıt”Avropa Liqasına vəsiqə qazanmaq ümidini saxlamaq üçün mayın 20-də evdə "Zirə”ni mütləq məğlub etməlidir. Qonaqları isə heç-heçə də qane edir.