Topaz Premyer Liqasında son turun ilk 3 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, bu görüşlər nəticəsində turnir cədvəlində bütün komandaların yekun mövqeyi dəqiqləşib. "Nefçi" Gəncədə "Kəpəz" üzərində 2:1 hesablı qələbə qazanaraq, bürünc medal və Avropa Liqasına vəsiqəni təmin edib. Hesabı 63-cü dəqiqədə flaqmanın kapitanı Ruslan Abışov açıb. Bundan cəmi 3 dəqiqə sonra Şəhriyar Rəhimov bərabərlik qolunu vurub. Lakin 79-cu dəqiqədə Lukas Qomes "Kəpəz"in müdafiəçisi və qapıçısı arasındakı anlaşmazlıqdan yararlanaraq, qələbə topunu vurub. 88-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Kirilo Petrov qırmızı vərəqə alsa da, gəncəlilər say üstünlüyündən yararlana bilməyiblər. Bununla da xallarını 46-ya çatdıran "Neftçi" 3-cü yeri tutub.
Avroliqaya vəsiqə şansı verən 4-cü yerin taleyi isə Sumqayıtda eyniadlı komanda ilə "Zirə" arasındakı qarşılaşmada həll olunub. Artıq 13-cü dəqiqədə "Sumqayıt"ın futbolçusu Cavid İmamverdiyev gözəl zərbə ilə hesabı açsa da, 68-ci dəqiqədə qonaqların moldovalı legioneri Aleksandr Dedov bərabərlik qolunu vurub. "Sumqayıt"ı bu hesab qane etmədiyindən, bütün komanda ilə irəli atılıb. Komanda üzvləri bunun cəzasını uzatma dəqiqələrində çəkiblər. Qapıçı Mehdi Cənnətov da hücuma kömək məqsədilə irəli atıldığı vaxt "Zirə" əks-hücuma keçib və Sadio Tounkara qələbə topunu vurub. Bu qələbə sayəsində xallarını 44-ə çatdıran "Zirə" 4-cü yeri tutub. Ayxan Abbasovun baş məşqçi olduğu kollektivin Avroliqaya vəsiqə qazanması Azərbaycan Kubokunun final matçından sonra müəyyənləşəcək. "Keşlə" "Qəbələ"yə qalib gəlsə, "Zirə" qitəmiqyaslı turnirdən kənarda qalacaq. Əks halda, Abbasovun komandası 4-cü yerin sahibi kimi Avropaya yollanacaq. 40 xalla 5-ci yeri tutan "Sumqayıt" isə ardıcıl ikinci mövsüm çox yaxın olduğu Avroliqaya çıxa bilməyib.
Turun formal xarakterli daha bir qarşılaşmasında isə "Keşlə" "Səbail"i 1:0 hesabı ilə yenib. Yeganə qolu 63-cü dəqiqədə Məmməd Quliyev vurub. Bununla da xallarını 31-ə çatdıran Yuri Maksimovun komandası çempionatı 6-cı pillədə bitirib. 23 xala malik Samir Əliyevin baş məşqçi olduğu kollektiv isə 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki, tura mayın 21-də keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı ilə yekun vurulacaq.
-------------------------------------
Bu gün Topaz Premyer Liqasında 2017/2018 mövsümünün son turuna start veriləcək.
Sportnet.az-ın məlumatına görə, XXVIII turun oyunları iki günü əhatə edəcək. 4 qarşılaşmadan 2-si formal xarakter daşıyacaq. Bunlar "Qarabağ” – "Qəbələ” və "Səbail” – "Keşlə” görüşləridir. Ağdam təmsilçisi çempionluğu, "qırmızı-qaralar” gümüş medalları təmin etdikləri halda, digər iki paytaxt təmsilçisinin hazırda qərarlaşdıqları 6 və 7-ci pillələrdəki mövqelərini dəyişmək imkanları yoxdur.
Turun daha 2 qarşılaşmasının nəticələri isə həm bürünc medalçının müəyyənləşməsi, həm də avrokuboka vəsiqə baxımından son şans sayılan 4-cü pillə uğrunda mübarizədə həlledicidir. Mövsümü 3-cü sırada bitirməyə ən şanslı komanda "Neftçi”dir. "Ağ-qaralar” I Diviziona düşməsi rəsmiləşən "Kəpəz”i Gəncədə udmaqla, məqsədlərinə nail ola bilərlər.
Hazırda 43 xalla 3-cü yerdə qərarlaşan paytaxt təmsilçisi heç-heçə edəcəyi təqdirdə də medalçı olmaq imkanına malikdir. Bunun üçün 41 xalla 4-cü olan "Zirə”nin "Sumqayıt”a qalib gəlməməsi şərtdir. "Ağ-qaralar” uduzacaqları təqdirdə mövqeyini qoruya bilər. Bir şərtlə ki, Sumqayıtdakı matçda heç-heçə qeydə alınsın. Çünki həm "Zirə" (2:0, 1:0, 1:1, 0:3), həm də "Sumqayıt” (1:0, 1:2, 2:0, 2:2) şəxsi oyunlarda "Neftçi”dən üstündürlər.
Hazırda 40 xalla 5-ci pillədə qərarlaşan "Sumqayıt” ən azı 4-cü olmaq üçün mütləq qalib gəlməlidir. "Zirə” isə heç-heçə təqdirində də mövqeyini qoruyacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasına, gümüş və bürünc medalçılar isə Avropa Liqasına vəsiqə qazanırlar. Lakin 4-cü yeri tutacaq komandanın da avrokuboka düşmək şansı var. Bunun üçün mayın 28-də Azərbaycan Kubokunun finalında "Qəbələ”nin "Keşlə”ni üstələməsi lazımdır. Əks halda, Avropa Liqasına 3-cü vəsiqə Yuri Maksimovun baş məşqçi olduğu komandaya nəsib olacaq.
Mayın 21-də baş tutacaq "Qəbələ” – "Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək. Məhz bu səbəbdən, görüş "qırmızı-qaralar”ın meydanında deyil, qarşılıqlı razılaşmaya əsasən, "Azərsun Arena”da baş tutacaq. Bürün medalçının da tədbirdə iştirakı üçün qarşılaşma bazar ertəsinə təyin edilib.
Topaz Premyer Liqası, XXVIII tur
20 may (bazar)
17:15. "Səbail” – "Keşlə” - 0:1
Qol: Məmməd Quliyev, 63
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
"Bayıl Arena”
17:15. "Kəpəz” – "Neftçi” - 1:2
Qol: Şəhriyar Rəhimov, 68 - Ruslan Abışov, 63. Lukas Qomes, 79
Qırmızı vərəqə: Kiril Petrov, 87
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
17:15. "Sumqayıt” – "Zirə” - 1:2
Qollar: Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68. Sadio Tounkara, 90+4
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
"Kapital Bank Arena”
21 may (bazar ertəsi)
19:00. "Qəbələ” – "Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena”.