Azərbaycan sözün həqiqi mənasında futbol bayramına hazırlaşır. Mayın 29-da Bakıda İngiltərənin paytaxtı Londonu təmsil edən iki nəhəng klub - Arsenal" və "Çelsi" Avropa Liqasının final matçında üz-üzə gələcək. 70 minədək tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda oyunu izləməyə xaricdən xeyli azarkeş gələcək.
Amma əsas tamaşaçı kütləsinin elə Azərbaycandan olacağı şübhə doğurmur. "Arsenal" və "Çelsi" yol uzaqlığı, səfər xərclərinin çox olmasını və digər məsələləri səbəb göstərərək, öz fanatları üçün nəzərdə tutulan 12 min biletdən 4 minini geri qaytarıb. Nəticədə həmin biletlər də Azərbaycanda satışa çıxarılıb. Onların da tezliklə satılacağı və oyun günü anşlaq olacağı güman edilir.
Belə bir halda oyun günü digəe problemlər ortaya çıxa bilər. Bu, azarkeşlərin stadionlara gediş və dönüşü ilə bağlıdır.
Xatırlayırsınızsa, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə düşdükdən sonra ilk ev oyunu zamanı azarkeşlər Bakı Olimpiya Stadionuna necə çətinliklərlə gedib çıxmış və geri dönmüşdülər. Elə stadion yaxınlığındakı "Koroğlu" stansiyasında basırıq yaranmış, insanları çölə çıxarkən xeyli problem yaşamışdılar. Oyun yağışlı hava şəraitinə təsadüf etdiyindən, matçdan sonra nəqliyyat problemi də özünü büruzə vermişdi.
Bu dəfə isə şərtlər daha ağır olacaq. Oyunun saat 23:00-da başlaması səbəbindən işdən saat 18:00 və ya 19:00-da çıxan insanlar evə gedib stadiona dönərkən vaxt məhdudiyyəti yaşaya bilərlər. Stadionun yolunu tutacaqları təqdirdə isə yollarda və metrolarda böyük tıxaclar yaranacaq. Oyundan ən azı gecə saat 1-də çıxdıqda isə yenə yollarda oxşar problemlər müşahidə olunacaq. Ağır iş və oyundan sonra yaranacaq yorğunluğun fonunda ertəsi gün yenidən iş gözləyəcək. Beləliklə, bayram ab-havası, əhval-ruhiyyəsi yorğunluqla əvəzlənəcək.
Bunu aradan qaldırmağın ən sadə yolu isə oyunun keçiriləcəyi mayın 29-nu qeyri-iş günü elan etməkdir. Onsuz da 28 may - Respublika günündə iş olmayacaq. Mayın 26-da isə bazar günüdür. Bu isə o anlama gəlir ki, insanlar yeni iş həftəsində bir gün - mayın 27-də işə çıxdıqdan sonra yenidən dincələcək, ardında final günü yenə işə çıxaraq, ən azı oyun bitənədək qaçaqaçda olacaqlar.
Yaxşı olardı ki, hazırkı iş həftəsi 27 mayadək uzadılsın, əvəzində 28-29 may qeyri-iş günü elan olunsun. Bunun gerçəkləşəcəyi inandırıcı olmasa da...