Seymur XƏZƏR
"Sabah"ın U-14 komandasının Gürcüstandakı turnirə qatıldığını gördükdə vaxtilə "Qəbələ" klubunun təşkil etdiyi yarışları xatırladım. Avropanın ən tanınmış futbol klublarının təmsil olunduğu "Qəbələ Cup"un necə yüksək səviyyədə təşkil olunmasına dəfələrlə şahid olmuşduq. İndi həmin komandaların futbolçuları qitənin tanınmış peşəkar klublarının formalarını geyinirlər.
Qəbələdə 2015-ci ildən dayandırılan uşaqlar arasında turnirin artıq qonşu Gürcüstanda keçirilməyə başlaması, açığı, təəssüf doğurmaya bilməz. Axı, Cənubi Qafqazda daim öncüllüyümüzlə öyündüyümüz halda, indi Gürcüstanın belə turnirə ev sahibliyi etməsinin üstündən necə sükutla keçmək olar? Düzdür, Gürcüstanın da futbolçu potensialı böyükdür, az qala hər bölgəsində uşaq futbolçular yetişir. Amma onların İtaliya, İspaniya komandalarını bir araya gətirməyə maddi imkanları hardandır?
Daha diqqətlə araşdırma apardıqda isə məlum oldu ki, turnir "Audi Cup" adlanır. Təşkilatçı isə ölkə kubokunun yeni sahibi "Saburtalo"dur. Turnirin titul sponsoru Almaniyanın avtomobil brendinin adını daşıyan şirkətdir. Yarışa "Sabah"dan əlavə, İspaniyanın "Levante" və İtaliyanın "Verona" da dəvət olunub. Təbii ki, "Levante" və "Verona"nın Tbilisiyə gətirilməsi asanlıqla başa gəlməyib. Belə turnirlərdə qonaq komandaların qalma və qidalanma xərcləri adətən təşkilatçılar tərəfindən ödənilir. Qonşu ölkənin normalda bu qədər xərci çəkməyə hazır olmadığı da hamıya gün kimi aydındır. Elə isə necə olur ki, tanınmış komandaların Tbilisidə iştirakı təmin edilir?
Məlum olur ki, əslində turnirə "Audi Cup" adının verilməsi əbəs yerə deyilmiş. Necə deyərlər, babalı "Audi"nin boynuna. O "Audi" ki, digər avtomobil markaları kimi Azərbaycanda qaz vurub qazan doldurur, bizə qonşu ölkədə satdığının ən azı ikiqat bahasına təzə və ya işlənmiş maşınlar "sırıyır". Qazandıqları pulları balta kəsməsə də, hər gün ağlayaraq gah gömrük xərcləri, gah da vergidən şikayətlənirlər.
İndiyədək hansısa avtomobil şirkətinin Azərbaycandakı rəsmi distribüterinin idman komandasına və ya idman yarışına sponsor olduğunu xatırlayırsınız? Hə, mən xatırlayıram: "Nurgün Motors". "Rəvan" klubuna, eləcə də tərkibindəki "NBC Bank" vasitəsilə Azərbaycan Kubokuna sponsorluq edirdilər. Bu dəstəyin aqibəti isə hər kəsə məlumdur. Bəs başqaları?
Hardadır Azərbaycanda hər il Azərbaycan Qran-prisində iştirak edən "Mercedes", "Ferrari", "Honda", "Renault" avtomobillərinin rəsmi distribüterləri? Buraxın idman yarışlarına sponsorluqları, Bakıda təşkil edilən dünya miqyaslı yarışın təbliğatı üçün onlar hansı addımı atıblar? Bəlkə "Red Bull"un hər Qran-pridən öndə 5-10 enerji içkisi paylamağını deyirsiz?
Azərbaycanda varlılar kasıbdan daha çox ağlayırlar. Ağlayanların başında isə elə avtomobil şirkətləri dayanıb. Bəhanələri də var: devalvasiya. Halbuki, bu yaxınlarda bir dostumla "Toyota Abşeron"un servis mərkəzinə getdikdə gördüyüm mənzərə bunun tam əksini deyirdi. Təsəvvür edin: Adicə maşının yağını dəyişməyə 120 manat aldılar. Avtomobili isə ona elə buranın avtosalonunda 48 min dollara satmışdılar.
Bax, o "Qəbələ Cup" turnirinin yaşamamasının səbəblərindən biri audilərin, mercedeslərin, hondaların sosial layihələrdən uzaq durmalarıdır. Bəlkə də heç düz-əməlli vergi də vermirlər. Gürcüstanda fəaliyyət göstərib Azərbaycana da yetərincə maşın satan şirklətlər ölkəmizdən valyutanı xaricə daşımaqla məşğuldurlar. Bizdən qazandıqlarını isə Azərbaycanda yox, Gürcüstanda uşaqlar arasındakı turnirlərə silirlər.
Görəsən, xarici avtomobil şirkətlərinin Azərbaycandakı qazanclarını araşdıran olubmu?