
"Qardaş ölkədə əməkdaşlarımla görüşmək həyəcanlıdır. Gəldiyimiz andan etibarən bizi gözəl qarşıladılar". Sabah da gənc dostlarımızla təcrübəmizi bölüşəcəyik. Hər birimiz öz sahəmizdə yolu necə qət etdiyimizdən danışacağıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Fərdi İnkişaf Zirvəsi" seminarı çərçivəsində Bakıda səfərdə olan "TRT Spor" kanalının şərhçisi Ərdoğan Arıkan deyib.
O, ilk dəfə Bakıya gəldiyini söyləyib: "Çox gözəl şəhərdir. Bakının imici də belədir. Buraya gəlmək mənim üçün gec oldu. Çox yerdə olmuşam, heç vaxt buraya gəlməmişdim. Amma bizdə belə bir ifadə var: Gec olsun, güc olmasın”.
Ə.Arkan Azərbaycan çempionatını izləyə bilmədiyini qeyd edib: “Çox izləyə bilmirəm. Mustafa Dənizli və Oktay Dərəlioğlu burada çalışanda bir neçə oyun bizdə yayımlanıb. Həmin vaxt stadionların durumunu yaxşı görməmişdim. İndi necə olduğunu bilmirəm. İndi “Qarabağ” yaxşı çıxış edir. Bir ara “Neftçi” yüksəlişdə idi. “Xəzər Lənkəran” var idi, indi fəaliyyət göstərmir. Avropada Azərbaycan klublarının adını görəndə ürəyim fərqli döyünür. Azərbaycan sanki digər idman sahələrində daha uğurludur. Olimpiya idman növlərində daha uğurludur. Bir az maliyyə məsələsi və futbola baxış tərzi önəmlidir. Azərbaycanlılar keçmişdə SSRİ-nin tərkibində oynayıb. Hətta indi də Rusiya yığmasında azərbaycanlılar oynayırlar. Öz gənclərinə üstünlük vermək və onları yaxşı yetişdirməlidir”.