İtaliya milli komandasının sabiq futbolçusu Marko Materatsi 2006-cı il dünya çempionatının finalında Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Zinəddin Zidanla insidentinə vətənindəki reaksiyadan narazı qalıb.
Sportnet.az-ın məlumatına görə, Materatsi bunu şəxsi "Instagram" hesabı vasitəsilə bəyan edib. O bildirib ki, Zidan Fransada müdafiə olunduğu halda, özünü elə həmyerliləri incidiblər: "Onları əsl italiyalı adlandıra bilmərəm. Mən vətənpərvərəm, həmişə öz ölkəmin şərəfini qoruyuram. Onların tənqidləri dünya çempionatındakı qalibiyyətimizdən sonra məni hər şeydən artıq yaraladı. Bu insanlar finalda hesabı necə bərabərləşdirdiyimi gördülər. Onlar mənim gəzdiyim torpağı öpməlidirlər".
Qeyd edək ki, DÇ-2006-nın final matçının əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 7-ci dəqiqədə Zinəddin Zidan penalti ilə açsa da, 19-cu dəqiqədə Marko Materatsi bərabərlik qolunu vurub. Əlavə vaxtda - 110-cu dəqiqədə Zidan Materatsinin sinəsinə kəllə zərbəsi endirib. Bu səbəbdən, qırmızı vərəqə alan fransalı futbolçu qarşılaşmanın ardından karyerasını başa vurub.
Onu təxribata çəkən italiyalı oyunçu isə FIFA tərəfindən 5 000 İsveçrə frankı məbləğində cəriməyə və 2 matçluq diskvalifikasiyaya məruz qalıb. Qarşılaşmanın penaltilər seriyasında İtaliya 5:3 hesablı qələbə sayəsində dünya çempionu olub. Penaltilərdən birini isə məhz Materatsi dəqiq yerinə yetirib ("Report").