Keçmiş FIFA referisi Knut Kirxer AVRO-2008-in seçmə mərhələsində 2006-cı ildə idarə etdiyi Serbiya - Azərbaycan oyununu xatırlayıb.
Sportnet.az-ın məlumatına görə, almaniyalı sabiq baş hakim "Stuttgarter Nachrichten"ə müsahibəsində həmin görüş vaxtı stadionda cəmi 250 azarkeşin olduğunu vurğulayıb. O, belə durumu əsl kabus adlandırıb: "Gülməli, eyni zamanda qəribə vəziyyət yaranmışdı. Hakim olaraq daim azarkeşlərin gur səsinə və oyunçuların, məşqçilərin, rəsmi şəxslərinə dediklərini eşitməməyə alışırsınız. Azarkeşsiz matçlarda isə bunun əksi yaşanır. Tribunalardan səs çıxmır. Sizi irəli aparan, motivasiya edən səs-küy olmur. Belədə meydandakı hər sözü başa düşürsünüz".
Bundesliqada azarkeşsiz oyunların ədalət təmsilçiləri üçün müəyyən çətinliklər yaradacağını söyləyən 51 yaşlı veteran hakimin sözlərinə görə, hakimlər dəyişən vəziyyətə uyğunlaşmalıdırlar: "Yeni impulslar onu yayındırmamalı, vəzifəsinə diqqətlə yanaşmalıdır. Meydançadakı ifadələrə gəlincə, referilər hansı hisslərini inkişaf etdirməli olduqlarını bilməlidirlər. Məsələn, hərdən oyunçular daha kobud ifadələr işlədə bilərlər. Hakim hər şeyi başa düşsəydi, diqqətini və oyuna köklənməni dərhal itirərdi. Oyunların azarkeşsiz keçirilməsi hakimlər üçün yeni çağırışdır".
Qeyd edək ki, Belqraddakı oyunda Azərbaycan millisinin qapısından qələbə topunu 72-ci dəqiqədə Nikola Jigiç keçirmişdi. 2003-cü ildə AVRO-2004-ün seçmə mərhələsində eyni şəhərdə keçirilən Serbiya və Monteneqro - Azərbaycan görüşündə (2:2) azarkeşlər arasında baş vermiş dava səbəbindən FIFA 3 il sonrakı matçın boş tribunalar qarşısında oynanılmasına qərar vermişdi.