
"Əla rəhbərliyimiz var. Bütün ayların maaşları tam ödənilib".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants yerli radiolardan birinin efirində deyib.
Amerikalı mütəxəssis bildirib ki, məvaciblərin azaldılması məsələsi müzakirə olunmayıb: "Rəhbərlik uşaqlara çox dəstək oldu, onların qayğısına qaldı. Bu futbolçuların milyonlarla ABŞ dolları yoxdur ki, 5-6 ay pulsuz yaşaya bilsinlər və ya maaşlarında 20 faiz endirim olsun".
Çempionatın mümkün bərpası barədə də danışan Şants oyunların iyul ayında başlaya biləcəyini istisna etməyib.
"Finiks Rayzinq" komandası mayın 13-dən məşqləri bərpa edib.
Qeyd edək ki, Rüfət Dadaşov USL müntəzəm çempionatının I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.