
UEFA AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlərdən Londonun oyunları keçirməklə bağlı təminat verməməsi barədə Böyük Britaniyanın "The Times" nəşrində çıxan xəbərə aydınlıq gətirib.
Sportnet.az-ın məlumatına görə, qurumun Mətbuat xidmətindən TASS-a bildirilib ki, UEFA 12 təşkilatçı şəhərlə daim əlaqədədir. Yaxın günlərdə məsələ ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.
"The Times" yazıb ki, UEFA mayın 27-də keçirməli olduğu İcraiyyə Komitəsinin iclasını İngiltərənin paytaxtı Londonun Avropa çempionatı üçün hələ təşkilati təminat verməməsi səbəbindən təxirə salıb. Ləngimə yerli hakimiyyətin zəmanəti təsdiqləməməsi ilə əlaqədardır.
Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən, yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.