"Bizim üçün adi oyun olacaq və qarşılaşma azarkeşsiz keçiriləcək. Düşünürəm ki, bu səbəbdən meydan amili matça təsir etməyəcək".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Laçi" klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib.
Funksioner komandasının mərhələ adlayacağına inandığını söyləyib: "Evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. Komandamız yaxşı keyfiyyətlərə malikdir".
Klub rəsmisi “Keşlə”ni az da olsa tanıdığını vurğulayıb: "İki il əvvəl Mladen Milinkoviç orada işləyirdi və bəzi matçlarını izləmişəm".
Halili deyib ki, Azərbaycana girişlə bağlı məhdudiyyətlər olduğu üçün, matçın başqa ölkədə keçirilməsi mümkündür: "Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və hər şey müəyyənləşəcək".
Qeyd edək ki, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.