"Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə "Reoprt"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Keçmiş hücumçu 72 yaşında Rusiyanın paytaxtı Moskvada qəflətən vəfat edib. Abdullayev Futbol Veteranları İttifaqı adından Rafiq Əlizadənin ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Rafiq Əlizadə 1966 - 1972 və 1976 - 1982-ci illərdə "Neftçi"nin formasını geyinib. O, futbolçu karyerası ərzində komandasına penalti qazanma bacarığı ilə də tanınıb.
Əlizadə futzal sahəsində də özünü sınayıb. O, 1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub, həmçinin futzal üzrə SSRİ yığmasının heyətində 2 görüş keçirib.
Mütəxəssis 1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi məşqçisi olub. Sabiq forvard 1992 - 2008-ci illərdə Rusiyanın "Dina" futzal klubunun idman direktoru, 2010 - 2017-ci illərdə isə maddi-texniki təminat üzrə vitse-prezidenti vəzifəsini icra edib. O, 2019-cu ildə Rusiya mini-futbol Assosiasiyası tərəfindən "İşinə sədaqətə görə" medalı ilə təltif edilib.
Rafiq Əlizadəyə 2019-cu ilin sonundan etibarən AFFA İcraiyyə Komitəsinin qərarına əsasən assosasiya tərəfindən xüsusi təqaüd verilib.