
"Qarabağ" klubu yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.
Bu barədə Sportnet.az-a açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə məlumat verib.
O, yeni transferlərin nəzərdə tutulduğunu və bir çox futbolçularla danışıqlar aparıldığını söyləyib.
Abbaszadə müxtəlif ölkələrdə danışıqlar aparılan və izlənilən oyunçuların olduğunu diqqətə çatdırıb: "Bu o demək deyil ki, həmin futbolçunu "Qarabağ"ın oyunçusu hesab etmək olar".
Klub rəsmisi "Real SC" klubunda çıxış edən Felipe Rayanın mümkün transferi haqqında bunları deyib: "Ola bilsin ki, adı çəkilən futbolçu da klubumuza təklif olunan oyunçular arasındadır. Amma illərdir "Qarabağ"da müəyyən tendensiya davam edir. Kluba gələn futbolçu müəyyən kriteriyalara cavab verməlidir. Detalları açıqlamaq istəmirəm. Amma klubun kriteriyalarına uyğun xırda detal belə götür qoy edildikdən sonra qərar verilə bilər. Hansısa futbolçu ilə rəsmi müqavilə imzalanmayana qədər həmin oyunçu "Qarabağ"a transfer olunacaq demək düzgün deyil. Hesab edirəm ki, azarkeşlər yalnız rəsmi xəbərlərə inansınlar. Klub azarkeşlərini də yeni transferlərlə bağlı məsələ maraqlandırır. Bəli, yeni transferlər olacaq. Bu yöndə çalışmalar gedir. Adlar çəkmək istəmirəm, müxtəlif oyunçular izlənilir. Klubun tələblərinə və kriteriyalarına cavab verənlər heyətə cəlb ediləcək".
Qeyd edək ki, Portuqaliyanın "Record" nəşri "Qarabağ"ın Felipe Rayanla maraqlandığını yazıb.