"Məğlubiyyət, üzücü hesab ürəyimizcə olmadı və planlarımıza daxil deyildi. Birinci hissədən sonra ümidlənmişdik".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Finlandiyada HİK-ə 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, ilk oyunda rəqibin hücumlarının qarşısını alıblar: "Evdəki matçdan daha yaxşı çıxış etdik və daha kompakt oynadıq. Amma ikinci hissə başlayanda qapımızda qol gördük. Bu komandaya qarşı qol vurmaqda çətinlik çəkirdik. Bu boşluğu doldurmaq istəyirdik. Qarşıda bizi çempionat və Konfrans Liqasının oyunları gözləyir. Bu gün üçün tarixi nəticə əldə edə bilərdik".
Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının pley-off mərhələsində "Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2. Cavab matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.