
Futbol üzrə Azərbaycan Premyer Liqası XII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutub. Mərkəzi qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
69-cu dəqiqədə qonaqların müdafiəçisi Kevin Medina cərimə meydançasında rəqib hücumçu Ülvi İsgəndərovun sifətinə şillə vursa da, matçın baş hakimi Kamranbəy Rəhimov qayda pozuntusu qeydə almayıb.
Bu nəticədən sonra xallarını 27-yə çatdıran Ağdam klubu liderliyini qoruyub. "Qırmızı-qaralar" isə 22 xalla 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" evdə "Keşlə"yə 2:1, "Neftçi" "Səbail"ə 1:0, "Zirə" isə səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəlib.
--------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında baş tutacaq. Mərkəzi görüşü yüksək liqa təcrübəsi olmayan gənc referi Kamranbəy Rəhimov idarə edəcək. Hazırda Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. 21 xalı olan əyalət təmsilçisi isə 3-cü pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəlib. Bunların 10-da "qırmızı-qaralar", 27-də "köhlən atlar" qələbə qazanıb. 14 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbəti də Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 78:42.
“Qarabağ” 13 oyundur rəqibinə uduzmur. “Qəbələ” son 3 matçda xal qazana bilməyib.
Azərbaycan Premyer Liqası
XII tur
29 noyabr (bazar ertəsi)
16:00. “Qəbələ” – “Qarabağ” - 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, turun ilk oyun günündə "Sabah" evdə "Keşlə"ni 2:1, "Neftçi" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Ötən gün keçirilmiş görüşdə isə "Zirə" səfərdə "Sumqayıt"a böyük hesabla qalib gəlib - 3:0.