Misli Premyer Liqasında 2022/2023 mövsümünün ilk avtoqol müəllifi olan “Şamaxı”nın futbolçusu Adil Nağıyev Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, X turun “Qəbələ” ilə ev oyununda öz qapısına qol vuran müdafiəçi bununla da Premyer Liqada 3-cü avtoqoluna imza atıb.
Onun əvvəlki iki uğursuzluğu “Zirə”də çıxış etdiyi 2018/2019 mövsümünə təsadüf edib. Nağıyev 2018-ci il sentyabrın 30-da “Sumqayıt”, 21 gün sonra “Keşlə” (indiki “Şamaxı”) ilə qarşılaşmada “fərqlənib”.
Dörd ildən sonra yenə öz qapısına qol vuran təcrübəli oyunçu Azərbaycan çempionatları tarixində ən çox avtoqol edən oyunçular sırasında qoşulub. O, üç belə üzüntü yaşayan 8-ci futbolçudur.
Nağıyevə qədər Denis Silva, Jairo Rodriges, Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, həmçinin karyerasını hələ də Premyer Liqada davam etdirən Bədavi Hüseynov və Ruslan Abışov da üç avtoqol müəllifidir.
Qeyd edək ki, daha 17 oyunçu birdən artıq – hərəyə iki avtoqola üzülüb. "Şamaxı" - "Qəbələ" görüşündə qalib müəyyənləşməyib - 1:1.