Qətərdə keçirilən dünya çempionatının F qrupunda ilk tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, qrupun ikinci oyununda Belçika millisi Kanada ilə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. 44-cü dəqiqədə fərqlənən Mişi Batşuayi "qırmızı şeytanlar"a qələbə qazandırıb. 11-ci dəqiqədə Şimali Amerika təmsilçisindən Alfonso Deyvis penaltidən yararlana bilməyib.
F qrupunun ilk görüşündə Xorvatiya seçməsi Mərakeşlə qolsuz heç-heçəyə razılaşıb.
I turdan sonra belçikalılar 3 xalla qrupa başçılıq edir. Hərəyə 1 xalı olan Xorvatiya və Mərakeş yığmaları 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Kanada isə sonuncudur.
------------------------------
İspaniya millisi Qətərdə keçirilən dünya çempionatına darmadağınla başlayıb.
Sportnet.az-ın məlumatına görə, E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.
Hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. Bu, ispaniyalıların mundiallarda 100-cü qolu kimi tarixə düşüb. 21-ci dəqiqədə Marko Asensio 2-ci topu Kosta Rikanın qapısından keçirib. 31-ci dəqiqədə Ferran Torres penaltini dəqiq yerinə yetirib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 54-cü dəqiqədə dubl edib. 74-cü dəqiqədə Qavi fərqlənib. 90-cı dəqiqədə Karlos Soler Kosta Rikanı 6-cı dəfə meydanın mərkəzinə dəvət edib. 90+2-ci dəqiqədə isə Alvaro Morata yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, E qrupunun ilk oyununda Almaniya yığması gözlənilmədən Yaponiyaya uduzub - 1:2. I turdan sonra İspaniya və Yaponiya kollektivlərinin 3 xalı var. Almaniya və Kosta Rika seçmələri isə xalsızdır.
--------------------------------
Qətərdə keçirilən dünya çempionatının E qrupunda I tura start verilib.
Sportnet.az-ın məlumatına görə, turun ilk oyununda sensasiya qeydə alınıb. Yaponiya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib.
Hesabı 33-cü dəqiqədə Bundestimdən İlkay Gündoğan açıb. İngiltərənin "Mançester Siti" klubunda çıxış edən yarımmüdafiəçi penaltini dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıda əzmkarlıq nümayiş etdirən Asiya təmsilçisi 2 qol vuraraq, sensasiyaya imza atıb. 75-ci dəqiqədə Ritsu Doan hesabı bərabərləşdirib. Cəmi 8 dəqiqə sonra isə Takuma Asano görüşdə son nöqtəni qoyub.
Yaponiya yığması bu qələbədən sonra 3 xalla ilk pilləyə yüksəlib. E qrupunun ikinci oyununda İspaniya yığması Kosta Rikanı sınağa çəkəcək.
--------------------------------
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir qarşılaşma oynanılıb.
Sportnet.az-ın məlumatına görə, F qrupunun I turunda Mərakeş və Xorvatiya komandaları üz-üzə gəlib.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, qrupun digər matçında Belçika Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
----------------------------------
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeçi sınağa çəkəcək.
Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.
E qrupunda isə Almaniya seçməsi Yaponiya ilə, İspaniya Kosta Rika ilə üz-üzə gələcək.
DÇ-2022
23 noyabr
F qrupu
14:00. Mərakeş - Xorvatiya - 0:0
Baş hakim: Fernando Rapallini (Argentina)
"Əl Bayt" stadionu
23:00. Belçika - Kanada - 1:0
Qol: Mişi Batşuayi, 44
Baş hakim: Canni Sikazve (Zambiya)
"Əhməd Bin Əli" stadionu
E qrupu
17:00. Almaniya - Yaponiya - 1:2
Qollar: İlkay Gündoğan, 33 (p) - Ritsu Doan, 75. Takuma Asano, 83
Baş hakim: İvan Barton (Salvador)
"Xəlifə" stadionu
20:00. İspaniya - Kosta Rika - 7:0
Qollar: Dani Olmo, 11. Marko Asensio, 21. Ferran Torres, 31 (penalti); 54. Qavi, 74. Karlos Soler, 90. Alvaro Morata, 90+2
Baş hakim: Məhəmməd Abdulla Məhəmməd (Birləşmiş Ərəb Əmirlikləri)
"Al Tumama" stadionu