"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Səbail"lə 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Azər bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun keçdi. Hərdən coşub hakimlərin üstünə qışqırırıq. Amma bir tərəfdən də dəstək olmaq lazımdır.
- Kadirini fasilədə əvəzlədiniz. Bu, nə ilə bağlı idi?
- Oyun planında mərkəzdə 2-3 dəfə gecikməsi oldu. Rəqib ondan topu almaq istəyirdi. 4 gün bundan əvvəl yaxşı oyun keçirib. İstədik ki, ikinci hissədə sürəti artıraq. Onun yerinə Vandersonu oyuna buraxdıq. Mənə elə gəlir ki, pis dəyişiklik olmadı.
- 1 xala sevinirsiniz, yoxsa məyus olursunuz?
- Ümumi götürəndə səfərdə 1 xal pis deyil. Amma 2:1 öndə idik, hesabı qoruya bilərdik. Epizodlarımız oldu, fərqi artıra da bilərdik. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.
- Orxan Əliyevin yüksələn performansını nə ilə əlaqələndirirsiniz? Kapitanlığı ona verməklə bağlı ola bilər?
- Yerlilərə daha çox təkan vermək lazımdır ki, özlərinə gəlsinlər. 3-4 gündən bir oyunlar futbolçulara fiziki cəhətdən pis təsir edir. Heyətimiz elə də geniş deyil ki, böyük dəyişikliklər edək.
- "Səbail"i mövsüm ərzində məğlub edə bilməmisiniz. Bunu necə şərh edərdiniz?
- İlk oyunda hakim səhvi var idi. 45-ci dəqiqədə qapımıza penalti verdi. Bu gün deməzdim ciddi hakim səhvləri oldu. Amma elə şeylər var ki, referilər öz üzərlərində işləməlidirlər. Dördüncü hakim nəsə deyir, baş hakim razılaşmır, öz bildiyini edir. "Səbail"lə 3 oyunun hamısında yaxşı oynamışıq. Yerli futbolçuların ustalıq tərəfini inkişaf etdirməliyik. Legionerlərimiz pis deyil. Bəxtsizliklə əlaqələndirmək olar.