Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanda tam heyətlə medal qazanıblar.
Bu barədə Sportnet.az-a Su İdman Növləri Federasiyasından məlumat verilib.
Bildirilib ki, Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb. Yarışa 4 nəfərlik heyətlə yollanan komandanın bütün üzvləri medal qazanmağı bacarıb.
İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşlərdə 3-cü yer tutublar. İkinəfərlik kayak qayığında mübarizə aparan Sənan Cəfərzadə və Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Cəfərzadə və Mövsümov 200 metr məsafəyə yarışlarda gümüş medala layiq görülüblər.
















































































