Qadınlardan ibarət yığmanın baş məşqçisi Siyasət Əsgərov qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyunundan əvvəl fikirlərini bölüşüb.
Sportnet.az AFFA-ya istinadən xəbər verir ki, o, matça maksimum hazırlaşdıqlarını bildirib.
Siyasət Əsgərovun sözlərinə görə, onlar üçün Sumqayıtda oynamaq şərəfdir:
"Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik".



















































































