“Gəncəlilər mənim üçün istiqanlı insanlardılar. Bunu özümə qarşı münasibətdən deyə bilərəm. Diqqət göstərirlər, hörmət edirlər. Oyunumla onların etimadını qazanmağa çalışıram. Hələ ki, pis alınmır”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Martins Junior klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı yarımmüdafiəçi Gəncədə günlərinin yaxşı keçdiyini bildirib: “Ara-sıra ailəm də buraya baş çəkir. Bir müddət öncə vətənə döndülər. Azərbaycan mətbəxini sevirəm. Sadəcə, təamların adlarını yadda saxlamaq mənim üçün çətindir. Kabablarınız olduqca dadlıdır. Adam yedikcə doymur”.
Braziliyalılar əylənməyi sevsələr də, Martins Gəncədə darıxmır. Əylənmək üçün tətillərdə vətəninə yollanır. 24 yaşlı futbolçu hazırda isə bütün diqqətini futbola yönəldib. O deyib ki, komandaya yeni baş məşqçinin gəlişi ilə çıxışında fərq yaranıb:
“Performansımız artıb. Xüsusilə də Adil Şükürovun gəlişindən sonra komandada irəliləyiş var. Qalib də gəlirik, uduzuruq da. Amma oyunumuzda günbəgün inkişaf müşahidə olunur. Komanda həm yaxşı oyun sərgiləməyə, həm də nəticə qazanmağa çalışır. Bu, futboldur, bəzən bəxtin gətirmir. Çempionatda qalmağa köklənmişik. Fanatlarımıza da minnətdarlığımı bildirmək istəyirəm. Həmişə bizimlədirlər, dəstək verirlər. Uduzanda da bizi tək qoymurlar. Matçlarımıza daha da çox azarkeşin gəlməsini istərdim”.
Dünya çempionatları tarixində bir dəfə də olsun mundialın final mərhələsindən kənarda qalmayan Braziliya millisi indi qeyri-stabil çıxış edir. Təsnifat mərhələsində "sambaçı"ların vəziyyəti acınacaqlıdır. Pentakampeonlar seçmə mərhələdə 6-cı yerdədirlər. Reqlamentə əsasən, Cənubi Amerikadan 6 yığma final mərhələsinə birbaşa yüksələ bilər ki, braziliyalılar cəmi 2 xalla Paraqvay və Çilini qabaqlayırlar. Qrupda 7-ci yeri tutan milli pley-off mərhələsindən mundiala qatıla bilər. Amma istənilən halda hazırkı vəziyyət futbol nəhəngi olan ölkə üçün arzu olunan hal deyil. Görəsən, Martins bu barədə nə düşünür?:
“Braziliya millisinin parlaq tarixi var. Bəzən ən güclü komanda belə uğur qazanmaqda çətinlik çəkir. Bir braziliyalı kimi, əlbəttə, mən də istərdim ki, komandamız mundialda çıxış etsin. Mundiala gedə bilməsək, bu, bizim üçün faciə olar. Futbol inkişaf edir. Zəif komanda anlayışı yoxdur. Braziliyanın qrupdakı rəqibləri də güclü yığmalardır. Onlar da qalib gəlmək istəyirlər”.