
“Bakıda hər şey çox yüksək səviyyədədir. Burada belə qarşılanmanı gözləmirdim. Ən yaxşı azarkeşlərim Azərbaycandadır”.
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Xalil Rauntri Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
35 yaşlı amerikalı Bakıya döyüşdən iki həftə öncə gəldiyini söyləyib: “Uyğunlaşma üçün belə etdim. Məşq kampında hər şeyi analiz etmişik. Ən yaxşı formamdayam”.
O, Nazim Sadıxovun məşqçisi Con Vudla birgə çalışdığını bildirib: “O, əla məşqçidir. Çox yüksək səviyyəli zalda məşq edirik”.
Qeyd edək ki, orta ağır çəki dərəcəsində mübarizə aparan Xalil Rauntri gecənin əsas döyüşündə Camaal Hilllə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.