2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında boks üzrə 91 kq-dan yuxarı çəki dərəcəsində Azərbaycanı təmsil edəcək ikiqat dünya və Avropa çempionu Məhəmmədrəsul Məcidovun Sportnet.az-a müsahibəsi.
- Türkiyədə keçirilən Avropa Təsnifat Turnirində olimpiya lisenziyasını qazandın. Öncə bu barədə fikirlərini öyrənək.
- Federasiya rəhbərliyi və məşqçilərin bizim üçün çəkdiyi əziyyət sonda öz sözünü dedi. Mən hər şey üçün onların hər birinə təşəkkür edirəm. Yarış tam gözlədiyim kimi keçdi. Qarşıdakı müddətdə tam gücü olimpiadaya sərf etmək üçün ilk şansdan lisenziyanı götürməyi planlaşdırmışdım ki, buna da nail oldum.
- Avropa Oyunlarında aldığın zədədən sonra bir ara məşq və yarışlardan kənar qaldın. Hazırda özünü necə hiss edirsən?
- Bir müddət özümü qorudum. Yavaş-yavaş, çox da yüklənmədən məşqlərə qoşuldum. Hazırda özümü yaxşı hiss edirəm. Düşünürəm ki, bu zədə Olimpiadada mənə mane olmayacaq. Həkimlərimiz sağ olsun, üzərimdə çox ciddi və səmərəli müalicə prosesi apardılar.
- Ötən olimpiadada bürünc medal qazanmışdın. Həmin nəticəni daha da yaxşılaşdırmaq üçün özündə potensial görürsən?
- Hazırkı formam olimpiadada nəticə qazanmaq üçün bir xeyli zəifdir. Bu, əslində normal haldır. Yavaş-yavaş pik formanı yığmağa çalışıram. Çox güman ki, buna olimpiada ərəfəsi nail olacağam. Əminəm ki, nəticəmi daha da yaxşılaşdıracağam. Əsas istəyim də elə budur.
- Nə düşünürsən, rəqiblərin gücü baxımından London, yoxsa Rio olimpiadası daha çətindir?
- Mən bütün yeni rəqiblərimə nəticəsindən asılı olmayaraq ciddi yanaşıram. Bu, həmişə belə olub.
- Bəs xüsusi fərqləndirdiyin rəqib kim və ya kimlərdir?
- Seçmək istəmirəm. Hər birinin özünə görə güclü və zəif tərəfləri var.
- Olimpiadadan sonra peşəkar boksa keçmək fikrin var?
- Bunu öncə federasiya rəhbərliyi və ailəmlə dəqiqləşdirmək lazım olacaq. Hazırda bir neçə təşkilatdan bu kimi təkliflər var. Dəyərləndirə bilərəm.
Sahib ƏSƏDBƏYLİ
Müsahibə AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb