Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.
Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib. Cəfərov bu gün keçirilən finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.
Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) isə finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.
Beləliklə, Azərbaycan boksçuları VI İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurublar. Daha öncə Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.




















































































