"Qəbələ" İdman Klubu Cavid Hüseynovun adının futbol üzrə Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salınması ilə bağlı məsələyə aydınlıq gətirib. Sportnet.az-ın məlumatına görə, klubun yaydığı açıqlamada komandanın kapitanı barədə seçilən 3 aylıq həbs qətimkan tədbirinin noyabrın əvvəlində başa çatacağı vurğulanıb.
Qrup oyunlarının dekabrın ortalarınadək davam edəcəyini xatırladan klub istintaq nəticəsində Hüseynovun günahsızlığının təsdiqlənəcəyi və azadlığa buraxılacağı təqdirdə, onun qrup oyunlarında iştirak şansı qazanacağını bəyan edib: "Məhz bu ehtimal nəzərə alınaraq Cavid Hüseynovun adı iştirak ərizəsinə salınıb".
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi üçün təqdim olunan iştirak ərizəsinə sonradan əlavələr etmək mümkün deyil.