
"Azərbaycan Cüdo Federasiyası tərəfindən dəvət olunmuşam. İkinci dəfə bura gəldiyim üçün özümü xoşbəxt hiss edirəm". Sportnet.az-ın məlumatına görə, bunu cüdo üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Peter Zayzenbaher deyib.
Artıq komanda ilə görüşdüyünü bildirən avstriyalı mütəxəssis görəcəyi işlərdən danışıb: "Həkimlərlə söhbət etmək lazımdır. Bundan sonra gələcək 9 ay üçün proqram yazacam. Məqsəd olimpiadaya yaxşı formada hazırlaşmaqdır. Şəxsi detalları müzakirə etmək istəməzdim. Razılaşmışıq ki, maaş haqda danışmayacağam. Amma əvvəllər deyildiyi kimi, 25 min dollar yox, ondan aşağı olacaq. Düşünmürəm ki, bunlar hamısı o qədər vacibdir. Əsas odur ki, komanda yarışlara hazır olduğunu və bizim onların qayğısına qaldığımızı hiss etsin. Bütün məşqçilər gücünü eyni istiqamətə yönəltsə, komanda bir istiqamətdə işləsə, biz nəticəyə nail ola bilərik".
"Biz olimpiadada iştirak üçün hər kəsə şans verməliyik. Hər çəkidə iki nəfər olmalıdır. Ancaq bu şəkildə onlarda olan motivasiyanı saxlamaq olar. Bir çox nümayəndə olmalıdır. Yəni çox sadə qərar vermək olmaz" - deyə baş məşqçi bildirib.
Zayzenbaher federasiyanın əvvəlki rəhbərliyi ilə aralarında problemin olmadığını bildirib: "Çünki biz uğurlu iş gördük. Peşəkar şəkildə komanda işi görürdük. Hər şey qaydasındadır. Azərbaycan Cüdo Federasiyasının qərarına hörmət edəcək qədər peşəkar biriyəm".
Baş məşqçi qeyd edib ki, komanda üzvlərinin bəzilərinin sağlamlıq problemləri var və ilk növbədə, bu məsələlər həll olunmalıdır. Onun sözlərinə görə elmi mütəxəssis dəvət olunacaq və qərar əsasında proqram hazırlanacaq. P.Zayzenbaher Azərbaycandan getdikdən sonra şəxsi biznesi ilə məşğul olduğunu deyib: "Beynəlxalq Cüdo Federasiyasının əksər əməkdaşlıqları mənim dostumdur. Çalışıram ki, onlarla daima əlaqədə olum".
Onun sözlərinə görə, cüdonun inkişafı məqsədilə yaxın vaxtlarda klublararası ölkə çempionatı keçirilə bilər. Zayzenbaher bu işin görüləcəyi təqdirdə, bölgə klublarının iştirakının vacibliyini bildirib.