2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələrinin Assosiyasiyasının (ANOC) 20-ci Baş Assambleyasında mükafatlandırılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın Sportnet.az-a verdiyi məlumata görə, Əsgərov Avropa qitəsi üzrə ən yaxşı kişi idmançı adına layiq görülüb.
Qeyd edək ki, 26 oktyabrdan işə başlayan Assambleyada gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edirlər. ANOC 206 Olimpiya Komitələrini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.