Türkiyənin I Liqasında çıxış edən "Qaziantep BB"nin və Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun Sportnet.az-a müsahibəsi
- "Qaziantep BB”yə keçidiniz necə baş tutdu?
- Bir neçə klubun maraq dairəsində idim. Bildiyiniz kimi, qərar verməyə tələsmirdim. Bütün təklifləri ətraflı analiz etdim. Ancaq "Qaziantep BB” onlara üstünlük verməyim üçün hər şey etdi. Bir həftə ərzində bütün məsələri yoluna qoydu.
- Yəqin xəbəriniz var ki, Türkiyənin 1 liqa təmsilçiləri müqavilə şərtlərinə riayət etməyə meylli deyillər. Artıq bir neçə azərbaycanlı futbolçunun bu yöndə problemlər yaşadığı heç kimə sirr deyil. Bu amil Sizi çəkindirmir?
- Baxır söhbət hansı klubdan gedir. Heç inanmıram ki, Nurulah Sağlam kimi bir məşqçisi olan, bu cür rəhbərliyə malik klubda analoji problem yaşansın. Daha bir məqam müqaviləmin şərtləri ilə bağlıdır. İmzaladığım anlaşmada hər xırda detal öz əksini tapıb. Həm də mən Türkiyəyə pul dalınca getməmişəm. Demirəm ki, pula ehtiyacım yoxdur. Ancaq başlıca məqsədim oynamaqdır, gələcəyimi düşünürəm. Bəlkə kimsə Türkiyəyə pula görə gedir, amma mən gələcəyimi düşünərək, bu addımı atmışam. Futbola olan sevgim məni bu addımı atmağa sövq edib.
- Azərbaycanda "İnter”də aldığınız məvacib yüksək idi, yoxsa "Qaziantep BB”də daha çox qazanacaqsınız?
- İstəməzdim belə bir müqayisə aparım. Onu deyə bilərəm ki, digər klublarda nə qədər qazanırdımsa, burda da eyni məvacibi alacağam. Xırdalıqlara getmək istəmirəm. Yeni komandamın şərtləri məni tam qane edir.
- Bu fikirlə razısınız ki, 2013-2014-cü il mövsümündə əvvəlki mövsümlərə nəzərən daha yaxşı çıxış etdiniz?
- İstənilən futbolçunun uğurlu mövsümü də olur, uğursuzu da. Deməzdim ki, son mövsümdən öncəkilərdə çox pis oynayırdım. Sadəcə, bu il daha uğurlu alındı. Mənim üçün yeni komanda olmasına baxmayaraq, "İnter”də istədiyim futbolu göstərə bildim. Düşünürəm ki, "İnter” həmin oyunu göstərməyim üçün hər şey etdi.
- "İnter”dən getməyinizə səbəb nə oldu?
- Hesab edirəm ki, "Qaziantep BB”yə keçidim irəliyə atılmış addımdır. Orda Nurullah Sağlam kimi bir mütəxəssislə çalışacağam. Formasını geyindiyim hər bir kluba minnətdaram. Müxtəlif klublardan dəvətlər almışdım. Onlara da öz təşəkkürümü bildirirəm ki, maraqlanıblar, məni diqqət mərkəzində saxlayıblar. Qismət olsa, nə vaxtsa həmin komandaların da şərəfini qoruyaram.
- Türkiyə klubunda oynayacağınız mövqe qətiləşib? Axı həm sol cinah, həm də mərkəz hücumçusu kimi oynaya bilirsiniz...
- Hücumameylli futbolçuyam. Əlbəttə, sol cinah mənə daha yaxındır. Yəqin ki, həmin mövqedə də oynayacağam. Ancaq son qərarı baş məşqçimiz verəcək.
- Komanda yoldaşlarınızla tanış oldunuz?
- Xeyr, heç kimlə tanış olmamışam. Çünki müqavilə imzaladığım vaxt futbolçular tətilə buraxılmışdılar. Artıq ayın 7-8-də komanda bir yerə toplanacaq.
- Milli komandamızın üzvü Ufuk Budakla bir klubda oynayacaqsınız. Yeni komandanız barədə onunla söhbətiniz olub?
- Yox, heç bir söhbətim olmayıb. Heç buna ehtiyac da duymuram. Orada gördüyümü gördüm. Bu klubun baş məşqçisi Nurullah Sağlamdır. Bu, çox şeydən xəbər verir. Mənə kimdənsə əlavə informasiya almaq heç cür yaraşmaz. Orda mənə göstərilən qayğı, diqqətdən sonra kimdənsə hansısa məlumat toplamaq yaraşmaz.
- Budakla ümumiyyətlə, münasibətiniz yoxdur?
- Milli komandanın düşərgəsində olanda görüşür, danışır, hal-əhval tuturuq. Ancaq az öncə bildirdiyim kimi, hazırda ondan hansısa əlavə informasiya almağa ehtiyacım yoxdur.
Ceyhun ƏLİYEV
Ceyhun ƏLİYEV