ABŞ-ın Los Anceles şəhərindəki sərbəst güləş üzrə Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan yığma komandasının üzvləri Vətənə qayıdıblar. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığmanın məşqçiləri yarış haqqında təəssüratlarını bölüşüb.
Baş məşqçi Saypulla Absaidov qazanılan nəticənin uğurlu olduğunu bildirib: "Biz Dünya Kubokunda əsas favoritlərdən sayılırdıq. Məqsədimiz yarışdan qızıl medalla qayıtmaq idi. Lakin bu, baş tutmadı və nəticədə biz bürünc medal qazandıq. Düşünürəm ki, bu da uğurlu nəticədir. Bu yarışı qarşıdan gələn Avropa Oyunlarının bir növ hazırlığı kimi də qiymətləndirmək olar. Dünya Kubokunda buraxılan səhvləri təhlil edib bunun üzərində çalışacağıq. İnanıram ki, Avropa Oyunlarında qazanacağımız qələbələrlə azarkeşlərimizi çox sevindirəcəyik".
Böyük məşqçi Firdovsi Umudov idmançıların çıxışını qənaətbəxş hesab edib: "Komandamız yaxşı hazırlaşmışdı. Güləşçilərin ümumilikdə çıxışını qənaətbəxş hesab edirəm. Çox güclü komandalar içərisində yığmamız ilk üçlükdə yer aldı və bürünc medal qazandı. Bu da dövlətimizin uğuru, şəxsən cənab prezidentimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğının təzahürüdür. İdmançılarımız hər zaman dünya miqyaslı yarışlarda öz sözlərini deyirlər. Mən fürsətdən istifadə edərək, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, məşqçilər korpusunun istəyinə uyğun olaraq idmançılarımızın mühitə uyğunlaşması məqsədilə yarışdan bir həftə öncə Los Ancelesə səfər üçün şərait yaratdılar. Hədəfimiz böyükdür. Qarşıda bizi güclü yarışlar gözləyir. Bir neçə gün sonra başlayacaq təlim-məşq toplanışlarında qüsurları aradan qaldırmaq üçün çalışacağıq. Məşqlərdə hər zaman olduğu kimi bu dəfə də ümumi fiziki hazırlıq, xüsusi fiziki hazırlıq və nizam-intizam məsələlərinə diqqət ayıracağıq. İyunda ilk dəfə keçiriləcək Avropa Oyunlarında və sentyabrda Las Veqasda keçiriləcək lisenziya xarakterli Dünya çempionatında uğurla çıxış edib, bütün güləş həvəskarlarını və Azərbaycan ictimaiyyətini sevindirəcəyik".
Qeyd edək ki, sərbəst güləş üzrə Dünya Kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə ikinci, 2010, 2011 və 2015-ci illərdə isə üçüncü yerdə qərarlaşıb.