Polşanın Katovitse şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi 2 medala sahib olub. Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev qızıl, Murad Süleymanov isə gümüş medal qazanıb.
84 kq çəki dərəcəsində yer alan Hacıyev finaladək Bolqarıstan, Moldova və Ukrayna güləşçilərini yenib. O, həlledici görüşdə Gürcüstan təmsilçisini də məğlub edərək, Avropa çempionu olub.
66 kq çəkidə mübarizə aparan Süleymanov da finaladək inamla irəliləyib. O, ardıcıl olaraq Rumıniya, Yunanıstan, Belarus və Türkiyədən olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi yenə Gürcüstan idmançısı olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, son xalı rəqib qazandığından, Süleymanov vitse-çempionluqla kifayətlənib.