Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Qlobal gənclər təlim düşərgəsi”nə qatılacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, istedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışa milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə qatılacaq.
Quluzadə bu düşərgəyə ITTF-in qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb.
Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında Onur Quluzadə də yer alır.
Qeyd edək ki, “Qlobal gənclər təlim düşərgəsi” dekabrın 4-dən 13-dək təşkil olunacaq.





































































