Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün III turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk 2 turda olduğu kimi, yenə bütün görüşlərdə qalib müəyyənləşməyib.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov nörveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Tərəflər arasında mübarizə taxta üzərində yalnız şah fiquru qalanadək davam edib. 51-ci gedişə təsadüf edən bu hal heç-heçəni şərtləndirib. Teymur Rəcəbov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olub. Görüş 40-cı gedişdə "sülh"lə yekunlaşıb.
Şəhriyar Məmmədyarov isə ağ fiqurlarla Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşıb. Tərəflər 39-cu gedişdə heç-heçəyə razılaşıblar.
Turun nəticələri:
Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Dinq Liren (Çin) - Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
David Navara (Çexiya) - Radoslav Voytaşek (Polşa) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Qeyd edək ki, 3 turdan sonra 10 iştirakçının hamısının aktivində 1,5 xal var.