"İtaliyada çətin oyun olacağını bilirdik. Bakıdakı görüşdən fərqli olaraq "Novara" öz meydanında optimal heyətlə çıxış edirdi". Sportnet.az-ın məlumatına görə, bunu "Azəryol"un təcrübəli üzvü Yelena Parxomenko deyib.
CEV Kubokunun "pley-off" mərhələsində İtaliyanın "Novara" klubu ilə cavab görüşündən danışan Parxomenko bunları bildirib: "Oyundan öncə Faiq müəllim bizimlə görüşərək, uğurlar arzuladı. Onun oyunumuzu canlı izləməsi bizə əlavə stimul oldu. Azarkeşlərə də minnətdarlığımızı bildiririk. Onlar Bakıda bizi isti qarşıladılar".
Komandanın daha bir üzvü Yekaterina Jidkova isə səfər oyununun çətin keçdiyini söyləyib: "Buna baxmayaraq, ilk oyunda qazandığımız qələbə sayəsində səfərə üstün yollanmışdıq. Ailə üzvləri və azarkeşlərimizin bizə inanması mərhələ keçməyimizə kömək oldu. CEV Kubokunda ilk "dördlüy"ə düşmək hər zaman olmur. Biz də bu şansı qaçırmadığımız üçün çox sevinirik".
Qeyd edək ki, Ziya Rəcəbovun baş məşqçisi olduğu komanda Bakıda keçirilmiş ilk qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib. Novara şəhərində baş tutmuş cavab qarşılaşmasında "Azəryol" ikinci setdən üstün ayrılsa da, setlər nisbəti meydan sahiblərinin xeyrinə olub - 3:1. Cütün taleyi "qızıl set"də həll olunub. 15:13 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi adını növbəti mərhələyə yazdırıb. Yarımfinalda Rusiyanın "Dinamo" (Krasnodar) komandası ilə keçiriləcək ilk oyun martın 8-də Krasnodarda, cavab qarşılaşması martın 12-də Bakıda olacaq.