Qadın voleybolçulardan ibarət Belçika millisi Azərbaycana qarşı Avropa çempionatının ilk oyunu öncəsi ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Gent Bande Bruk "sporza" nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, komandanın əsas hücumçusu Kayya Qrobelna koronavirusa yoluxub: "Son 3 həftədə 4 voleybolçumuzun test nəticəsi müsbət çıxdı. Onların üçü sıraya qayıtsa da, Qrobelna xəstəliyi çox ağır keçirir. Avropa çempionatında komandamıza kömək edə bilməyəcək".
Bruk Azərbaycanla görüşə də toxunub: "Bundan sonra nəticələrə yox, prosesə baxmalıyıq. Hədəfimiz tezliklə əvvəlki səviyyəmizi bərpa etməkdir. Bunun üçün çox çalışmalıyıq. Çünki Azərbaycana qarşı açılış matçımız var. Turnirə yaxşı başlamaq həmişə vacibdir".
Qeyd edək ki, A qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri Belçika ilə yanaşı, ev sahibi Serbiya, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Avqustun 20-də keçiriləcək Azərbaycan - Belçika oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.