Bu gün "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib.
Sportnet.az-ın məlumatına görə, tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.
S.Ələkbərov bildirib ki, bu yarış dünyada Azərbaycanı tanıtmaq baxımından önəmlidir. O, 4-cü mərhələyə Ağsu dolaylarının əlavə olunduğunu vurğulayıb. Federasiya rəsmisi builki yürüşün İslam Həmrəyliyi Oyunlar ərəfəsinə təsadüf etdiyini söyləyib. O, turda 18 ölkədən 22 komandanın olacağını, Küveytin isə maliyyə problemləri üzündən təmsil olunmayacağını qeyd edib. S. Ələkbərov Azərbaycanın "Synergy Baku” klubunun güclü və ümidverici velosipedçilərdən ibarət olduğunu diqqətə çatdırıb.
R.Hoffer 6-cı dəfə təşkil olunan turda 6 kontinental və 16 prokontinental komandanın qatılacağını açıqlayıb. O, Azərbaycanın Avropa Velosipedçilər İttifaqında bu ildən təmsil olunmasını böyük hadisə adlandırıb.
Avropalı qonaq 2.1 kateqoriyasının yüksəlməsi üçün digər tələblərin də yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. S.Ələkbərov isə gələn ildən daha bir mərhələnin əlavə olunmasının mümkünlüyünü söyləyib. O, tələbləri yerinə yetirməklə yanaşı komandanın da hazır olmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, 3-7 mayda keçiriləcək "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdən ibarət olacaq. Yarışında 18 ölkədən 22 komandanın iştirakı təqdiqlənib. Onlardan da 6-sı pro-kontinental, "Synergy Baku” da daxil olmaqla 16-sı kontinental komandadır. İştirakçılar I mərhələdə Bakı - Sumqayıt (150 km), II mərhələdə Bakı - İsmayıllı (187 km), II mərhələdə Qəbələ - Şəki - Qəbələ (177 km), IV mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikîdə 836 km məsafə qət edəcəklər.