Azərbaycan futbolunda ikinci Osiyek biabırçılığı yaşanmaqdadır. Sportnet.az xatırladır ki, 2014-cü il oktyabrın 13-də Osiyek şəhərindəki "Qradski" stadionunda millimiz Xorvatiya yığmasına AVRO-2016-nın seçmə qrup matçında 0:6 hesabı ilə uduzub.
Qarşılaşmadan 3 gün sonra komandamızın baş məşqçisi Berti Foqts istefaya göndərilib. Amma demə, bu, Osiyekdəki stadionda Azərbaycan futbolu adına ilk utancverici hadisə deyilmiş. İlk belə olay isə 2001-ci il avqustun 23-də baş verib. Həmin gün "Osiyek"lə Latviya "Dinaburq"u arasında keçirilmiş UEFA Kubokunun təsnifat mərhələsinin cavab görüşünü Asim Xudiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Briqadada Rufulla Kərimovla Ramiz Əsədov yan xətt, Xaqani Məmmədov isə dördüncü hakim qismində yer alıb. X.Məmmədov 72-ci dəqiqədə oyunçu əvəzetməsi edilərkən, A.Xudiyevə dediyi sözlərin, başqa sözlə, dilinin bəlasına düşüb. Sportinfo.az saytının yaydığı videoda onun dediyi və yan xətt hakimi Ramiz Əsədovun da təkrarladığı "15 dənə verirlər. Qonaqlar, qonaqlar" sözləri açıq-aydın eşidilir. Həmin vaxt da qəhrəmanımız AFFA Hakimlər Komitəsinin sədri idi. Hələ onun 2002-ci il aprelin 2-də "Şəfa" - "Xəzər Lənkəran" matçında təyin etdiyi və ölkə çempionatında 2 illik məcburi fasilənin yaranmasına səbəb olan penalti qərarına 7 ay 10 gün qalırdı.
X.Məmmədov artıq açıqlama verərək bildirib ki, videodakı səslər montajdır. Amma çətin ki, buna inanan olsun. Çünki onun "15 dənə verirlər. Qonaqlar, qonaqlar" sözlərindən sonra matçı televiziya ilə şərh edən xorvatiyalı şərhçi təxminən "Azərbaycanlı hakimlər öz aralarında müzakirə aparırlar" kimi fikirlər səsləndirir. O, söhbətin nədən getdiyini bilsəydi, təbii ki, belə sakit reaksiya verməyəcək, emosional şərhə meyl edəcəkdi. Çünki "Osiyek"in 1:2 hesablı məğlubiyyəti ilə bitən ilk oyunun revanşında qonaqların bərabərlik qolunu vurmalarına hakimlər tərəfindən göstərilən köməklik meydan sahiblərinin mübarizəni dayandırması ilə nəticələnə bilərdi.
Digər tərəfdən, Hakimlər Komitəsinin sədri bu videonun Əliyar Ağayevin avrokubokların qrup mərhələsinə təyinat alacağının müəyyənləşməsindən sonra ortaya çıxmasını təsadüfi saymayıb. Sözsüz ki, belə görüntülərin üzə çıxması təsadüfi deyil. Əlbəttə, qalmaqallı videonun arxasında hakimlikdən uzaqlaşdırılanların, müəyyən klub rəsmilərinin və hətta AFFA daxilindəki qruplaşmaların maraqları dayanır. Onların məqsədi X.Məmmədovu aradan götürməklə, komitə sədrini dəstəkləyənlərə də zərbə vurmaqdan ibarətdir. Aydın məsələdir ki, komitə sədrinin əsas dəstəkçisi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevdir. Bunu X.Məmmədovun əleyhdarları - sabiq FİFA referiləri Babək Quliyevlə Anar Salmanovun açıqlamalarından da sezmək mümkündür.
Amma istənilən halda fakt ortadadır və şübhələrə də əsas var. Təkcə ona görə yox ki, "Dinaburq" 2009-cu ildə danışılmış oyunlarda iştirakı səbəbindən Latviya çempionatından kənarlaşdırılıb, ötən il isə klubun prezidenti Oleq Qavrilov həbs olunub. Həm də ona görə ki, Hakimlər Komitəsi sədrinə yaraşmayan atmaca efirə düşüb. Bu isə hətta zarafatla deyilsə belə, araşdırılmasına ehtiyac duyulur.
Artıq AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə müstəqil komissiyanın yaradılmasına qərar verilib. Komissiyanın tərkibi hələlik açıqlanmır. Araşdırmanın nəticələrindən asılı olmayaraq, "Osiyek" - "Dinaburq" oyunundakı məlum ifadələrlə bağlı hakimlər briqadası barədə tədbirin görüləcəyi güman olunur. Çünki R.Abdullayev hələ 2009-cu ilin iyununda Babək Quliyevin hakimlikdən, Anar Salmanovun isə Premyer Liqadan kənarlaşdırılmasını şərh edərkən, "Azacıq şübhə hiss etsək belə, hakim cəzalandırılacaq" demişdi.
"Dinaburq"un azərbaycanlı hakimlərə rüşvət təklif etdiyinə dair ehtimallar təsdiqini tapsa, bu, komandanın ovaxtkı baş məşqçisi, hazırda "Qəbələ"də çalışan Roman Qriqorçukun müsbət imicinə də təsirsiz ötüşməyəcək. Hətta ukraynalı mütəxəssis faktı təkzib etsə belə...
İndiki halda azərbaycanlı hakimlər briqadasının xeyrinə olan yeganə məqam "Osiyek" - "Dinaburq" matçının meydan sahiblərinin 1:0 hesablı qələbəsi və Xorvatiya təmsilçisinin ilk görüşdəki səfər qolu (1:2) sayəsində mərhələ adlamasıdır. Cavab görüşündəki yeganə qol isə penaltidən vurulub. Özü də ilk yarıda "Dinaburq"un qapısına...
Belə... Düz 13 ay öncə Xorvatiyaya 0:6 hesablı məğlubiyyətə görə Berti Foqts qovulmuşdu. Bəs 14 il əvvəlki biabırçılığın bədəlini kim ödəməlidir? Xaqani Məmmədov da qovulmalıdırmı?
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.