Azərbaycan futzal yığmasının qapıçısı Rövşən Hüseynli dünya çempionatının final mərhələsinə vəsiqə qazanmalarını şərh edib. Sportnet.az-ın məlumatına görə, gənc əlcək sahibi "CBC Sport"a açıqlamasında futzal yığmamızın ilk dəfə final mərhələsinə vəsiqəd qazanmasını tarixi uğur sayıb.
Hüseynli bu qələbəni şəhidlərimizə həsr etdiklərini bildirib: "İlk oyunda 5:1 hesablı qələbə bizi bir az arxayınlaşdırdı. Hər halda, final mərhələsinə vəsiqə qazana bildik və buna görə hamıya "çox sağ ol" deyirəm. Yaxınlarda döyüşlər, şəhidlərimiz olmuşdu. Allah şəhidlərimizə rəhmət etsin. Bu qələbəni onlara həsr edirik. Çətin də olsa tarix yaza bildik. Bunun üçün çox xoşbəxtəm. Əlbəttə, dünya çempionatına getmək çox gözəl hissdir. Futzalda başlanğıcım olsa, artıq Avropa çempionatının final mərhələsində iştirak etmişəm. İndi də dünya çempionatına yollanıram. Burada özümü göstərməyim mənim üçün böyük xoşbəxtçilikdir. Həmçinin Azərbaycan futzalı üçün böyük uğurdur ki, tarixində ilk dəfə final mərhələsinə təmsil olunacaq".
Millimizin kapitanı Rizvan Fərəzliyev də qələbəni ordumuza, şəhidlərimizə həsr etdiyini bildirib: "Mənə elə gəlir ki, öz meydançamızda oynamaq bizə çox çətindir. Təcrübədən çox şey asılıdır. Əksər oyunçularımızın o qədər də təcrübəsi yoxdur. Ancaq elə bir kobud səhvlərimiz olmadı. İlk dəqiqələrdən üstünlüyü ələ almaq istəyirdik. Hər zaman üstünlük bizdə idi. Düzdür, sonadək qələbəni qoruya bilmədik. Heç-heçə də bizi qane etdi. Dünya çempionatına vəsiqəni əldə etdik. Bu münasibətlə hamını təbrik edirəm. İnşallah, uğurlarımızı dünya çempionatında da davam etdirərik".