Azərbaycan güləşçisi Cəmaləddin Məhəmmədov dünya çempionatları tarixində ilkə imza atıb. Sportnet.az-ın məlumatına görə, Məhəmmədov ən ağır çəkidə mundialın finalına yüksələn ilk pəhləvanımız olub.
26 yaşlı idmançı bu uğura ABŞ-ın Las Veqas şəhərindəki çempionatda 125 kq çəki dərəcəsində imza atıb. O, finalda "Bakı 2015" I Avropa Oyunlarının türkiyəli qalibi Taha Akgüllə qarşılaşacaq.
Beləliklə, sərbəst güləş növündə Azərbaycanın finalda təmsil olunmadığı çəki dərəcəsi qalmayıb. Məhəmmədov ən ağır çəki dərəcəsində ilk dəfə həlledici görüşə qatılacaq.
48 kq. Rafiq Hacıyev (1974) - gümüş
52 kq. Namiq Abdullayev (1994, 1998, 2002), Telman Paşayev (1975) - hamısı gümüş
55 kq. Toğrul Əsgərov (2010) - gümüş
57 kq. Aydın İbrahimov (1963) - qızıl
60 kq. Zəlimxan Hüseynov (2009) - gümüş
61 kq. Hacı Əliyev (2014, 2015) - hər ikisi qızıl
62 kq. Xəzər İsayev (1986) - qızıl
66 kq. Elman Əsgərov (2005) - gümüş
66 kq. Arif Abdullayev (2003) - qızıl
74 kq. Çamsulvara Çamsulvarayev (2009) - gümüş
84 kq. Şərif Şərifov (2011) - qızıl
96 kq. Xetaq Qazyumov (2009, 2013, 2014) - hər üçü gümüş, (2010) - qızıl
97 kq. Davud Məhəmmədov (1994) - gümüş
125 kq. Cəmaləddin Məhəmmədov (2015) - ?
Məhəmmədov həm də nəinki sərbəst, hətta yunan-Roma güləşində ən yuxarı çəkidə Azərbaycanın medal qazanan yeganə pəhləvanıdır. O, 2011-ci il dünya çempionatında 120 kq çəkidə bürünc medala sahib olub.
Qeyd edək ki, Las Veqasdakı dünya çempionatında daha öncə Hacı Əliyev növbəti uğuru sayəsində Azərbaycanın ikiqat dünya çempionluğu əldə edən ilk sərbəst güləşçisi kimi tarixə düşüb.