Gəncə şəhər stadionunda "Kəpəz"lə "Xəzər Lənkəran" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının IX tur matçının gedişində maraqlı olay baş verib. Sportnet.az-ın məlumatına görə, oyunun start fiti çalındığı vaxt cənub tribunasındakı sektorlar bomboş olub.
Bu mənzərə qarşılaşmaya "CBC Sport" vasitəsilə tamaşa edənlərin təəccübünə səbəb olub. Lakin oyun gedə-gedə həmin sektorlara azarkeşlər kütləvi axın etməyə başlayıblar. Bu da diqqətdən yayınmayıb. Nəticədə ilk yarının sonlarınadək beton oturacaqlı tribunalarda ən azı 5000 adam yerini tutub. Beləliklə, televiziyadakı xoş olmayan görüntülər ürəkaçan mənzərəyə çevrilib.
Lakin kütləvi axının yalnız teleyayıma görə baş verdiyini iddia etmək çətindir. Gəncəli fan-klub fəalları cənub sektorunun günəş şüalarının daha çox təsir etdiyi yerdə olduğunu və bu səbəbdən, insanların orada şimal sektorunda yer olmaması səbəbindən oturduqlarını bildirirlər. "Report"un Gəncə müxbiri isə dəqiqləşdirib ki, şimal sektoruna gələnlər biletlə olublar və oyunun startınadək yerlərini tutublar. Cənub sektorundakılar isə daha çox Aşura mərasimindən qayıdanlar olduqları üçün stadiona özlərini gec çatdırıblar. Bu vaxt bilet satışı dayandırıldığından, onların tribunalara pulsuz buraxılmalarına icazə verilib. Amma tamaşaçılar stadionun təmirli hissəsinə buraxılmayıblar. Nəticədə azarkeşlər oyunu mərkəzdən izləyə bilmələri üçün cənub sektorlarında yer tutublar.
Qeyd edək ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.