
Sizə elə gəlmirmi ki, Reynaldonun oyunu çox zəifləyib? Statistikaya baxaq: Çempionatın 8 oyununda cəmi dörd qol, onun da 1-i penaltidən. Oyun epizodundan topların 2-si o qədər də güclü olmayan "Sumqayıt”ın, 1-i isə AZAL-ın qapısından keçib. Bura Avropa Liqasının qrup mərhələsində qol vurulmayan 2 oyununu da əlavə etsək, nəticənin ürəkaçan olmadığını görərik.
Yəqin razılaşarsınız ki, bu, keçənilki Reynaldo deyil. Bəs nə baş verir? Mənim bu barədə bir qədər fərqli düşüncələrim var və fikirlərimi hələ ağdamlıların Malta "Valletta”sı ilə ev oyunundan sonra yazmışdım. O zaman bu yazının Sportnet.az-da dərc edilməsi "Qarabağ”ın vacib oyunları ərəfəsində məqsədəuyğun sayılmamışdı. Lakin son vaxtlar Reynaldonun ötənilkinə nisbətən zəif çıxış etməsini, qol epizodlarını sağa-sola xərcləməsini gördükcə, bir neçə ay öncə yazdığım bu yazını xatırlayıram.
Mövzu bir qədər həssasdır. Yazının müəllifi kimi deyə bilərəm ki, mentalitet-filanı nəzərə alıb bacardıqca, mümkün olduğu qədər yazını örtülü yazmağa çalışmışam. Lakin söhbət açılan mövzu elədir ki, müəyyən məqamlara toxunmadan keçmək olmur. Beləliklə...
* * *
"Qarabağ”ın "Valetta” ilə ev oyunundan sonra Reynaldonun sevgilisi ilə şəhərdə gəzərkən çəkdirib "Facebook”a qoyduğu şəkil diqqətimi çəkdi. Şəkildə Reynaldonun boynunu qucaqladığı və bədənini profildən göstərən xanımın çox cazibədar və ehtiraslı görünməsi, yəqin ki, təkcə mənim yox, bu şəklə baxan başqa adamların da diqqətindən yayınmayıb. Necə deyərlər, görünən bədənə bələdçi lazım deyil. Bu şəklə baxandan sonra dərhal yadıma düşdü ki, həmin oyunda braziliyalı birinci hissədən sonra əvəzlənib. Bu əvəzlənmənin Reynaldonun əzələsini dartması ilə bağlı olduğu sonradan üzə çıxdı. İndi deyəcəksiniz ki, cazibədarlığın, ehtiraslı görünməyin zədə almağa nə dəxli var?
Məsələ burasındadır ki, normadan artıq cinsi əlaqə futbolçuda zədələnməyə gətirib çıxarır, həm də səhv etmirəmsə, əzələ dartması ilə nəticələnən zədəyə. Mən mütəmadi seksin zədələnməyə gətirib çıxarmasının hansı səbəbdən baş verməsini, bu sahənin mütəxəssisi olmadığımdan, izah edə bilmərəm. Amma dəqiq bilirəm ki, bu cür hal qaçılmazdır.
Bir neçə il öncə adını xatırlamadığım türk köşə yazarı Arda Turanın tez-tez zədələnməsini onun mütəmadi sekslə məşğul olması ilə əlaqələndirmişdi. Bundan başqa, çox istedadlı futbolçu olmuş Sərgən Yalçının gecə həyatı və bundan doğan zədələnmələr karyerasının dünya miqyaslı olmasını əngəllədi. Yoxsa o, heç də Zinəddin Zidandan zəif pleymeyker deyildi. Qana yığmasının futbolçusu Kevin-Prins Boatenqin rəfiqəsi, jurnalist və teleaparıcı Melissa Satta 2012-ci ildə bu futbolçunun "Milan”da oynadığı vaxt tez-tez zədələnməsi haqqında danışarkən səbəbin yataq münasibətləri ilə bağlı olduğunu gizlətməyib: "Onun (Kevin-Prinsin – red.) tez-tez zədə almağı bizim çox tez-tez, həftədə 7 dəfədən 10 dəfəyədək sekslə məşğul olmağımızla əlaqədardır. Qorxuram, onun əzələləri bu yükə tab gətirməsin”.
Nə demək istədiyim, yəqin ki, artıq aydındır. Bəli, Reynaldonun zədələnməsinin səbəbkarı bu ehtiraslı xanımdır. İndi də deyə bilərsiniz ki, hardan bildin onların cinsi yaxınlığını, bəlkə nişanlıdılar, bəlkə toyları olmayıb və s. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Avropada, Amerikada insanlar bir-birilərini görüb bəyənəndən sonra qarşılıqlı hisslərini fiziki yaxınlığa çevrilməsini toya, zifaf gecəsinə qədər saxlamırlar. Onlarda vətəndaş nikahı və ya mülki nikah deyilən bir anlayış var. Qarşılıqlı hisslərini cinsi cəhətdən reallaşdırdıqdan sonra avtomatik bu nikaha girmiş sayılırlar. Mən bunları yazmaqla belə halın bizdəki toy hadisəsindəki proseslərdən yaxşı, ya pis olduğunu demək istəmirəm. Sadəcə, onlardakı real tablonu, vəziyyəti təqdim etdim.
Bu qeydləri nəzərə alaraq deyə bilərəm ki, Reynaldonun sevgilisi varsa və yanındadırsa, onların arasında cinsi münasibətlərinin olması dəqiqdir. Həm də braziliyalı olmalarını (mütəxəssislərin araşdırmasına görə, braziliyalılar dünyada cinsi aktivlik baxımından birinci yerdədirlər) və xanımın çoox cazibədar və ehtiraslı görünməsini nəzərə alsaq, onların bu yaxınlığının hiper səviyyədə olması qənaətinə gələrik.
Şübhəsiz ki, bunları yazmaqda məqsədim braziliyalı və xanımının yataq münasibətləri barədə məlumat vermək deyil. Məsələ burasındadır ki, biz Reynaldonu futbolçu kimi əvvəlki oyununu görməyə bilərik. Nədənsə, mən bu ehtiraslı xanıma baxanda zəifləmiş, halsız, tez-tez zədələnən Reynaldo görürəm. Elə şəklə baxanda da braziliyalı futbolçu o qədər gümrah görünmür.
Ümumiyyətlə, futbolçuya yaxın 5-10 il əvvələdək 30 yaşdan tez evlənmək məsləhət görülmürdü. Təxminən 80-90-cı illərdə adını xatırlamadığım italyan müəllif tərəfindən yazılmış, məşqçiliyə aid bir kitabdan oxumuşdum ki, məşqçidə futbolçunun cinsi həyatı barədə məlumat olmalıdır. Çünki bu məlumat məşqçi üçün futbolçunun oyuna nə qədər hazır olub-olmamasını müəyyənləşdirən amillərdən biri kimi lazımdır. Həmin kitabdan onu da xatırlayıram ki, ümumiyyətlə, futbolçu formada qalmaq istəyirsə, həftə ərzində yalnız bir dəfə sekslə məşğul olmalıdır. Düzdür, haqqında danışdığım kitabın yazıldığı dövrdən xeyli vaxt keçib və həmin fikir köhnəlmiş sayıla bilər. Bu gün gözümüzün qabagında adı az qala gündə bir qızla hallanan Ronaldo nümunəsi var, portuqaliyalını nəzərdə tuturam. Amma biz onun oyununun heç də zəifləmədiyini görürük.
Bir məsələ də var. Psixoloqlar deyir ki, güclü eşq kişilərə çox müsbət təsir göstərir, bu zaman onlar imkanlarından qat-qat artığını görmək iqtidarında olurlar. Nizaminin "Xosrov və Şirin”, yaxud Səməd Vurğunun "Fərhad və Şirin” poemalarında Şirini sevən Fərhadın onun üçün Bisütun dağını yararaq süd arxı çəkməsi təsviri ilə tanış oluruq. İstisna deyil ki, Reynaldonun da ötən mövsüm göstərdiyi performans bu qızla tanışlıqdan yaranan eşqin təsirindən olub.
Belə... Göründüyü kimi, məsələyə yanaşma birmənalı deyil. Amma bir fakt dəqiqdir: ifrata yol vermək olmaz.
Düşünürəm ki, "Qarabağ” rəhbərliyi Reynaldo barədə heç də az ciddi olmayan problemlə üz üzədir. Onlar həmişəki Reynaldonu görmək üçün "qızıl orta”nı tapmalıdırlar.
RAQİB
P.S. Sportnet.az olaraq, qeyd edirik ki, bu yazıda məqsəd heç də futbolçunun intim həyatını qabartmaq deyil. Sadəcə, Azərbaycan millisinə namizəd göstərilən Reynaldonun zəifləməsinin səbəblərindən biri kimi bu versiyanın heç də sonuncu olmadığına inanırıq.