İranın Əhvaz şəhərində keçirilən Beynəlxalq Fəcr Kubokunun ikinci yarış günündə Azərbaycanın daha bir ağırlıqqaldıranı medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, 85 kq çəki dərəcəsində yer alan Sənan Mirzəyevdir. Mirzəyev birdən 141 kq-ı ram edib və bu hərəkətdə 3-cü olub. Təkanla isə 167 kq-ı başı üzərinə qaldıran Mirzəyev bu hərəkətdə 4-cü yeri tutub. Toplam 308 kq (141+167) nəticə göstərən atletimiz yekun sıralamada bürünc medala layiq görülüb.
Beləliklə, Fəcr Kubokunun ilk iki yarış günündə ağırlıqqaldıranlarımız 3 böyük (hər üçü bürünc) medal qazanıblar. Bununla yanaşı, onlar ayrı-ayrı hərəkətlərdə daha 5 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 2 bürünc) medala layiq görülüblər.