Ağırlıqqaldırma növünün 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramına şərti daxil edilməsi statusu ləğv olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərindəki növbəti iclasında qərar qəbul olunub. Komitə üzvləri Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) son 18 ayda atdığı addımları müsbət qiymətləndirib. Həmin addımlar antidopinq işinin təkmilləşdirilməsinə və ağırlıqqaldırma növünün təmizliyinə yönəlib. Bununla belə, IOC Ümumdünya Antidopinq Agentliyi və Müstəqil Dopinq-Test Təşkilatı ilə birgə vəziyyəti ciddi nəzarətdə saxlayacaq.
Qeyd edək ki, ağırlıqqaldırmanın Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasının mümkünlüyü bu növdə dopinq problemləri ilə əlaqədar ortaya çıxıb. 2017-ci ilin dekabrında IOC İcraiyyə Komitəsi ağırlıqqaldırmanın "Paris-2024"ün proqramında qalması üçün əməl olunmalı meyarları açıqlayıb. IWF isə təmiz idmana dair müstəqil komissiyanın bütün tövsiyələrini yerinə yetirdiyini bildirib.