Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, idmançı buna batterflay üsulla üzmə yarışında 100 metr məsafəni 1 dəqiqə 2,11 saniyəyə qət etməklə nail olub. Şeyxəlizadəxangah 49 üzgüçü arasında 8-ci yeri tutub. O, axşam sessiyasında finala çıxmaq üçün mübarizə aparacaq.
Aysel Səfərova isə 200 m məsafəyə sərbəst üsulla üzmə yarışında 2 dəqiqə 18,22 saniyə ilə 47 idmançı arasında 46-cı olub.
Əliyar Cahangirbəyov 200 m məsafəyə arxası üstə üzmədə 31 idmançı arasında 29-cu yeri tuta bilib. O, məsafəni 2 dəqiqə 14,82 saniyəyə qət edib.
Atletlərdən qadınların üç təkanla tullanma yarışında Sabrina Zralova finala vəsiqə qazanıb. O, təsnifat mərhələsində 12,23 m nəticə göstərib. Final iyulun 26-da olacaq.
Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda I mərhələdə 25,06 saniyə nəticə ilə 20 atlet arasında 14-cü yeri tutub. Oğlanların mübarizəsin eyni məsafəyə qaçışda Əli Abdıyev (22.63 san) 19 iştirakçı arasında 14-cü olub və hər iki idmançı mübarizəni dayandırıb.