Noyabrın 6-da Gənclər və İdman Nazirliyi müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə yürüşü təşkil edəcək.
Nazirlikdən Sportnet.az-a verilən məlumata görə, "Qürurla irəli” şüarı ilə keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı 20 manat iştirak haqqı ödəməlidirlər. Toplanan vəsait Şəhid ailələrinə xeyriyyə məqsədi ilə sərf ediləcək.
“Qələbə qaçışı”nın iştirakçıları yarışa Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start verəcəklər. Qaçış 3 müxtəlif (3 km, 5 km və 10 km) məsafəni əhatə edəcək və iştirakçılar bunların hər hansı birində finiş xəttinə çıxa bilərlər.
Qaçış çərçivəsində urban (şəhər) idmanı master klasları və maraqlı tədbirlər də təşkil ediləcək.
Xatırladaq ki, ilk “Qələbə qaçışı” ötən il noyabrın 9-da keçirilmişdi.