Səudiyyə Ərəbistanının ağırlıqqaldırma üzrə yığma komandası Azərbaycana təlim-məşq toplanışına gələcək.
Azərbaycan Ağır Atletika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, səfərin məqsədi qarşıdakı beynəlxalq yarışlara ciddi hazırlıqdır. On altı nəfərlik heyət yığmanın Xırdalandakı AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi ağır atletika təlim-məşq bazasında məskunlaşacaq.
Qonaq atletlər avqustun 21-dən sentyabrın 16-na qədər hazırlıq keçəcəklər.
Bu toplanış milli komandaların üzvləri, həmçinin federasiyalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsinin artırılması, həmrəylik dəyərlərinin qorunması və möhkəmləndirilməsi baxımından da əhəmiyyət daşıyır.