Dünyanın bir sıra qabaqcıl idmançıları birinci Avropa Oyunlarında mübarizə aparacaqlar. Sportnet.az-ın məlumatına görə, əlli doqquzu qızıl medal sahibi olmaqla ümumilikdə 150 Olimpiya medalçısı Bakı 2015 Avropa Oyunlarında öz gücünü sınayacaq.
Belə tədbirlərdə ilk dəfə çıxış edəcək idmançıları birinci Avropa Oyunlarının çempionu titulunu əldə etmək uğrunda böyük rəqabət gözləyir.
Eyni zamanda, 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 yarışlarında mübarizə aparacaq 6 min idmançıdan 200-ə yaxını da Dünya çempionudur. Bu, Avropa Oyunlarında güclü rəqabətin olacağından xəbər verir.
Taekvondo idmançısı Ceyd Cons Bakıyə gələcək Olimpiya çempionlarından biridir. London 2012-də qızıl medala yiyələnmiş bu idmançı Avropa Oyunları ilə bağlı bu fikirdədir: "Bakı 2015 mənim bu ilki yarışlarım içərisində həqiqətən də ən əhəmiyyətli olanıdır. Mən Rio 2016-a hazırlaşıram və orada öz titulumu qorumağa çalışacağam. Mən və avropalı rəqiblərimin hansı səviyyədə olduğunu müəyyənləşdirmək baxımında Bakı 2015 mənim üçün böyük bir sınaqdır. Böyük Britaniyadan Avropa Oyunlarına böyük komanda göndərir. Eyni zamanda bu yarış çox əyləncəli olacaq və ən əhəmiyyətlisi də mən Bakıya qələbə qazanmaq üçün gedirəm".