
Bakıda yarışacaq idmançılar birinci Avropa Oyunları üçün hazırlıq xallarını artırıblar. Sportnet.az-ın məlumatına görə, ukraynalı cüdoçu Artyom Bloşenko Açıq Avropa Çempionatının finalında 100 kq çəki dərəcəsində kubalı Xose Armenterosa qalib gəlib.
Sloveniyalı Adrian Qombok və Maykl Zqank da Rumıniyanın Kluj şəhərində keçirilmiş Açıq Avropa Çempionatında qızıl medal qazanıblar. Bununla da cüdoçular Bakı 2015 üçün hazırlıq xallarını artırıblar.
Qombok 66 kq çəki dərəcəsi üzrə finalda Aleksandr Mariakı məğlub edib, Zqank isə titul görüşündə kubalı Asley Qonsalesə (90 kq çəki dərəcəsi) qalib gəlib.
Bakı 2015-də yarışacaq digər cüdoçu - türkiyəli Ahmet Sahin Kaba da bu yarışda iştirak edib. O, kişilər arasında 60 kq çəki dərəcəsində keçirilən yarışlarda öz həmyerlisi Bekir Ozluya məğlub olub.
Çempionatın qadın favoritləri - rumıniyalı Monika Unqureanu və Andreea Çitu müvafiq olaraq 48 kq və 52 kq çəki dərəcəsində qızıl medala yiyələniblər. Andrea Çitu Bakı 2015-də yarışacaq holland cüdoçusu Birqit Enteni məğlub edib. Onun həmyerlisi Cuul Franssen və Sanne van Dijke müvafiq olaraq 63 kq və 70 kq çəki dərəcələrində qalib çıxıb.
Fransız cüdoçu Amelie Guihur 57 kq, onun yerlisi Sama Hava Kamara isə 78 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bosniyalı Laris Serik 78 kiloqramdan artıq çəki dərəcəsində birinciliyi əldə edib.