
Azərbaycan milli komandası 2 ildən sonra Tofiq Bəhramov adına Respublika stadionunda oyuna çıxacaq. Sportnet.az-ın xəbərinə görə, millimiz martın 28-də Maltanı mərkəzi arenada qəbul edəcək.
Görüş saat 21:00-da başlanacaq. Artıq UEFA-nın rəsmi saytında bu barədə məlumat yerləşdirilib.
Sonuncu dəfə bu arenada yığmamız 2013-cü il martın 26-da Portuqaliya ilə üz-üzə gəlib. DÇ-2014-ün seçmə qrup mərhələsinin qarşılaşmasında qonaqlar qalib gəlib - 2:0. Sonradan "Bakcell Arena"ya üz tutan komandamız rəsmi və yoldaşlıq görüşlərini 3 dəfə az tutumu olan stadionda keçirib. AFFA rəhbərliyini bu addıma millimizin 8-ci km qəsəbəsindəki stadionda heç bir oyunu uduzmaması faktı sövq edib. Lakin AVRO-2016-nın seçmə qrup matçlarında Bolqarıstana 1:2, Norveçə isə 0:1 hesabı ilə uduzan yığmamız uğurlu seriyasından uğursuzluğa keçib.
Daha öncə matçın keçiriləcəyi məkan kimi "Bakcell Arena" göstərilirdi. Sportnet.az-ın əldə etdiyi məlumata görə, stadion dəyişikliyində millimizin baş məşqçisi Robert Prosineçkinin istəyi də az rol oynamayıb. Xorvatiyalı mütəxəssis Respublika stadionunu bəyənib və milli komandanın böyük stadionda oynamalı olduğunu bildirib. Bundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-ya məktub ünvanlayaraq, oyunun Respublika stadionunda keçirilməsini xahiş edib. Nəticədə bu xahiş yerinə yetirilib.
Lakin AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında stadionun yerinin dəyişdirilməsinə eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmalarının keçirilməsini səbəb göstərib. Onun sözlərinə görə, bu məqamı nəzərə alan AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlayıb.